image-robert-menendes-1068x669backend

ABŞ Azərbaycanı və Ermənistanı sülhü və firəvanlığı seçməyə çağırır

image-reklam_sirab_01

Çərşənbə günü ABŞ Senatında Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması sahəsində vəziyyətə dair dinləmələr keçirilib. Senat hesabat üçün Bayden Administrasiyasının iki yüksək vəzifəli məmurunu – Karen Donfrid və Filipp Rikeri dəvət edib. Onlar hər ikisi senatorların ABŞ-ın sülh səyləri, habelə Azərbaycanın təhlükəsizliyinin təmin edilməsinə ABŞ-ın köməyi ilə bağlı tənqidini qəbul etməyiblər, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Mən həqiqətən də hesab edirəm ki, Azərbaycana yardım ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğundur”, deyə dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi Karen Donfrid Senatın beynəlxalq münasibətlər komitəsi qarşısında senatorların Azadlığa Dəstək Aktına 907-ci düzəlişlə (1992-ci il tarixli bu qanun Azərbaycana dövlət yardımı göstərilməsini qadağan edir, amma 2003-cü ildə Bakının İraqda hərbi əməliyyat keçirilməsinə dəstəyi nəzərə alınmaqla, onun məhdudiyyətləri dayandırılıb – red.) bağlı suallarına cavabda bildirib.

Komitə sədri Robert Menendes Bayden Administrasiyasını “Amerikanın hansısa maraqları ilə əlaqədar” Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı “başqa tərəfə baxmaqda” ittiham edib. Bu zaman o, Bakını “təcavüzkar” adlandırıb.

“Təcavüzkar varsa, biz onu göstərməliyik”, deyən Menendes əlavə edib ki, bu münaqişədə məhz Azərbaycan təcavüzkar olub. “Bununla belə, biz başqa tərəfə baxdıq və 907-ci düzəlişə laqeyd yanaşdıq”, deyə o bildirib.

Buna cavabda Donfrid deyib ki, Bayden Administrasiyası hamının ortaq məqsədinə, daha dəqiq isə, “Cənubi Qafqazda sabit sülhə” nail olmaq üzərində işləyir.

“… Biz Ermənistan və Azərbaycan arasında otuz ildən çox davam edən münaqişənin şahidi olduq. Və bu gün biz hər iki ölkədən regionda sabit sülh üçün tarixi imkan olduğuna inandıqlarını eşidirik”, deyə Donfrid bildirib.

“Və biz imkan daxilində sülhə nail olmağa şərait yaratmağa çalışırıq”, deyə o əlavə edib.

907-ci düzəlişə gəlincə, ondan imtina Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq səylərini pozmur və onlara mane olmur.

Onun sözlərinə görə, Azərbaycana kömək sərhədlərin təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulub, “bu, İran tərəfindən transmilli təhlükələrə qarşı mübarizədə ciddi nəticələr verib və Cənubi Qafqaza, Rusiyaya və Avropaya qaçaqmalçılıq marşrutlarını pozub”, deyə o qeyd edib.

Qafqazda danışıqlar üzrə baş müşavir, səfir Filipp Riker də Donfridin fikirlərini dəstəkləyib. O qeyd edib ki, hazırki danışıqların sürəti və dərinliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ABŞ-ın çoxdan görmədiyi imkanların olduğunu göstərib.

Onun sözlərinə görə, hər iki ölkənin hakimiyyəti insan hüquqları və beynəlxalq hüququn pozulması haqqında məlumatların araşdırılması, təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün çox şey etməlidir.

“Baş nazir Paşinyanın aydın şəkildə ifadə etdiyi kimi, söhbət ərazidən deyil, təhlükəsizlikdən və hüquqlardan gedir, prezident Əliyev də “bunu etiraf edib””, deyə Riker bildirib.

ABŞ və Aİ danışıqları təşviq edərkən və onlara yardım edərkən Bakı və Yerevan onların məzmununu müəyyən edir. Rikerin sözlərinə görə, iki ölkə arasında xarici oyunçuların deyil, onların öz maraqları əsasında birbaşa danışıqlar uzunmüddətli uğur üçün ən yaxşı şansa malikdir.

Menendesin ABŞ-ın humanitar sahədə hansı konkret proqramları həyata keçirdiyi və hansı yardımı göstərdiyi haqqında sualına cavabda Riker deyib ki, Dağlıq Qarabağa çıxış “həddindən artıq məhdudlaşdırılıb”. “Mənim son iki ay ərzində regiona səfərim zamanı orada olmaq imkanım olmayıb. Hazırda ABŞ hökuməti tələbatların qiymətləndirilməsini və ya proqramların monitorinqini həyata keçirə bilmir, amma ABŞ-da humanitar layihələrin mərkəzləşmiş qayadada maliyyələşdirilməsi proqramları və başqa proqramlar var”, deyə o əlavə edib.

Senator Ben Kardinin “Minsk Qrupunu bağlamağın vaxtı çatmayıb?” sualına cavabda Riker deyib ki, MQ prosesi işləmir, amma onun mandatı “aktual olaraq qalır”.

“Mandatın məqsədi, əlbəttə ki, qalmaqdadır və ATƏT konsensus əsasında fəaliyyət göstərir. Mən Fransalı həmkarım, regiona dərindən cəlb olunmuş Aİ və digər maraqlı tərəflərlə sıx əlaqə saxlayıram”, deyən Riker əlavə edib ki, “Rusiyalı həmkarım heç vaxt mənimlə əlaqə saxlamayıb”.

Ötən həftə Vaşinqtonda keçirilən görüşdən sonra hər iki tərəf müzakirələrin yeni mərhələsi üçün “qayıtmaq” öhdəliyi götürüb. “Liderlərin yenidən görüşəcəyini gözləyirəm”, deyə o bildirib.

Riker həmçinin Rusiya sülhməramlılarının roluna toxunub, deyib ki, “sentyabrdakı zorakılıq bu sülhməramlıların heç vaxt heç yerdə görünmədiyini göstərib. Düşünürəm ki, bu, hər iki tərəfi narahat edib”.

Riker hər iki ölkənin liderini “istənilən razılaşmaların təmin edilməsi, monitorinqi və hesabatlılıq üzrə Dağlıq Qarabağın iştirakı ilə beynəlxalq mexanizm yaradılması məsələsini nəzərdən keçirməyə” çağırıb.

“Tərəflər tarixi kəsişmə nöqtəsindədirlər. Biz onları firəvanlığı seçməyə və region xalqlarına fayda verəcək sülh üzərində birgə işləmək müdrikliyi nümayiş etdirməyə çağırırıq. Bu məqsədə nail olmaq üçün bizim səylərimiz davam edəcək və biz istənilən yolla bunu edəcəyik”, deyə Riker qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki