Ermənistanın Qeqarkunik əyalətinin Sovaqyux və Semenovka kəndlərinin sakinlərinin hamısı yerli özünüidarə orqanlarına seçkiləri boykot edərək, bununla da icmaların genişlənməsinə etirazlarını bildiriblər.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya Sovaqyux kəndinin rəhbəri Vaqram Gevorkyan bildirib.
“İnsanlar belə qərar verdi. Biz əvvəlcə dedik ki, icmaların genişlənməsinin əleyhinəyik, xüsusən də bu formatda. Bizim icma başqasının bir hissəsi kimi inkişaf edə bilməyəcək”, – Gevorqyan deyib.
Öz növbəsində Semenovka kəndi başçısının əvəzedicisi David Mnasakanyan da qeyd edib ki, yerli sakinlər eyni səbəbdən səsvermədə iştirak etməyiblər.
“Biz genişlənməyə qarşıyıq və birləşsək, onda yalnız Sovaqyux kəndinə konsolidasiya olunmağı istəyirik. Amma onlar bizi eşitmədilər və sakinlər öz etirazlarını bu şəkildə bildirdilər”, – Mnatsakanyan deyib.
Ermənistanın Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Sovaqyuxda 2 927, Semenovkada isə 195 seçici qeydiyyatdadır.
Qeyd edək ki, Ermənistanda yerli özünüidarəetmə orqanlarına seçkilər dünən keçirilib. Seçki prosesi bir sıra qanun pozuntuları, o cümlədən müxalif şəxslərin polis tərəfindən əsassız olaraq saxlanılmaları, inzibati resursların səsvermələrin gedişinə müdaxiləsi, habelə digər qanun pozuntuları ilə müşahidə edilib.