image-img_0669backend

Ermənistanın işğalçılıq siyasətinə son qoymaq həm də region üçün davamlı sülh şəraitinin yaradılması deməkdir

image-reklam_sirab_01

MDB 3 dövlət- Rusiya, Ukrayna, Belarusiya tərəfindən qurulmuşdur. MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin MDB SSRİ-nin “mədəni dağılmasını”, onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər. Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu.

Tarixin səhifələrinə nəzər yetirdikcə Qarabağ münaqişəsinin başlama səbəblərini və səbəbkarlarını açıq görmək mümkündür.Ermənistanın vandal siyasəti nəticəsində genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi, regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır. 1994-cü ildə müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirib, əlavə olaraq anklavın tərkibində olmayan Azərbaycan torpaqlarının 9%-nə nəzarət edirdilər.

Münaqişə nəticəsində Azərbaycandan 230.000 erməni, Ermənistan və Qarabağdan isə 800.000 azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüşdür.1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi şəhid olub. Ən çoxsaylı itkilər 1992-1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib. Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınıb.Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında baş verib.1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb. Amma Ermənistan tərəfi Beynəlxaq hüququn normalarını hər zaman pozmuş, ona qarşı qoyulan tələbləri yerinə yetirməkdən boyun qaçırmışdır. Təsadüfi deyildir ki, 2020-ci 27 sentyabr tarixində Ermənistanın təxribatlarının qarşını almaq və  öz ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə 44 günlük şanlı Zəfər savaşına başlamışdır.

Prezident İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxışında bildirmişdir ki, artıq Qarabağ münaqişəsinin həll olunduğunu,  Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edərək, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən dörd qətnamənin tələblərini yerinə yetirib.  2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu və hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi. Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bəyanatdan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etmişdir. Üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradıldı. Azərbaycanın Ağdam rayonunun ərazisində Azərbaycan tərəfi Rusiya-Türkiyə monitorinq mərkəzi yaratdı.

Dövlət başçısı çıxışında Ermənistan tərəfindən minalanan rayonların minalardan təmizlənmə işindən, düşmən tərəfin vandal siyasətindən də danışmışdır :”Azad edilmiş ərazilərin minalardan təmizlənməsi qarşımızda duran əsas problemlərdən biridir. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir.  Azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib. Transsərhəd Oxçuçay çayı bir Avropa şirkətinin iştirakı ilə sistematik olaraq çirkləndirilirdi, bu da artıq nüfuzlu beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş ekoloji fəlakətə gətirib çıxarıb”.

Təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş Azərbaycan ərazisi narkotrafik üçün istifadə olunmuşdur. Azərbaycanın İranla 130 kilometrlik dövlət sərhədi nəzarətsiz qalmışdır. İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutuna son qoyulub.  Azərbaycan-İran sərhədinin digər sahələrində saxlanılan heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib.   Azərbaycan müharibə dövründə tutulub saxlanılmış bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl verib. Üçtərəfli Bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etdi. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz.

Birinci Qarabağ müharibəsindən fərqli olaraq, Vətən müharibəsindən sonra bütün hallarda Azərbaycanın adı qalib dövlət kimi hallanır. Ermənistanın işğalçılıq siyasətinə son qoymaq həm də region üçün davamlı sülh şəraitinin yaradılması deməkdir. Ali Baş Komandanın dediyi kimi artıq münaqişə keçmişdə qalıb. İndi Qarabağın bərpası və inkişafı vaxtıdır. Buna görə də Qarabağda sürətli yenidənqurma işləri davam etməkdədir.

 

Bakı Slavyan Universiteti

Aypara Babayeva /Nəsimi rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki