Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Rusiya-Ukrayna Müharibəsi və Türkiyəyə Təsirləri: Təhdidlər və Fürsətlər” mövzusunda keçirilən tədbirdəki çıxışında vurğulayıb ki, (Rusiya-Ukrayna müharibəsi) İstanbul prosesi hələ də atəşkəsin təmin olunması və sülhün bərqərar olması baxımından ən mühüm fürsət kimi beynəlxalq ictimaiyyətin qarşısında dayanır: “Bu baxımdan Prezidentimizin də qeyd etdiyi kimi, hər kəs İstanbul prosesini dəstəkləməlidir.”, – deyib. İnsan tələfatlarına, humanitar faciələrə və dağıntılara səbəb olan bu yanğının söndürülməsi üçün prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə var gücləri ilə çalışdıqlarını bildirən Altun başda Avropa olmaqla bütün dünyanı təsiri altına alan Ukraynadakı müharibənin Türkiyədən də yan keçmədiyini söyləyib.
Altun bu müharibənin səbəb və nəticələrinin şərh edilməsinin ölkənin gələcəyi və sabitliyi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayaraq “Əvvəla bu müharibə cənab Prezidentimizin “Dünya 5-dən böyükdür” iddiasının nə qədər doğru və yerində olduğunu bir daha göstərdi. Belə bir böhranda BMT-nin həll ünvanı olması və özünün ön plana çıxması lazım idi. Ancaq hərəkətə keçə bilmədiyi kimi təəssüf ki böhranın həlli baxımından BMT heç kimin ağlına gəlmir. Çünki təəssüf ki BMT dünya siyasətinin reallıqlarını və ədalət axtarışını təmsil edə bilmir, öz missiyasını yerinə yetirə bilmir. Təcili islahat ehtiyacı özünü bir daha büruzə verdi. Cənab Prezidentimizin illərdir yorulmadan etdiyi bu təsbit bu gün daha mənalı bir hala gəlib.” – deyə bildirib.
Prezident Ərdoğanın həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski ilə yaxın dialoqunu prosesin əvvəlindən böhranın həlli və gərginliyin azaldılması üçün fürsət kimi istifadə etdiyini xatırladan Altun sülh diplomatiyasını müxtəlif ölkələrin və beynəlxalq qurumların rəhbərlərini də prosesə daxil edərək həyata keçirdiyini ifadə edib:
“Türkiyə bu prosesdə nümayiş etdirdiyi səmimi və real töhfələrlə həm Rusiya, həm də Ukraynanın etimadını qazandı və iki ölkə arasında seçim etməyə məcbur edilə bilməyəcəyini göstərdi. Türkiyə əvvəlcə Antalya Diplomatiya Forumu çərçivəsində, daha sonra Dolmabaxça sarayında danışıqlar masasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Digər tərəfdən hesab edirəm ki, bütün beynəlxalq aktyorlar Türkiyənin xüsusi çəkisini və təsirini görmüş oldular. Qərb paytaxtlarında Türkiyəyə xor baxan və guya onu yola gətirmək məqsədilə nümayiş etdirilən yanaşmalar və bunun əsasında qurulan geosiyasi oxunuşlar iflasa uğrayıb. Dünənə qədər Türkiyəyə barmaq silkələyənlərin, dərs verməyə çalışanların bu gün bizə təriflər yağdırmasının başqa izahı yoxdur. Bu baxımdan indiki vəziyyət Qərbi Türkiyə ilə yeni münasibət tərzini mənimsəmək məcburiyyətində qoyur.”