Gürcüstan Baş Qərargahının sabiq rəisi Giorgi Kalandadze bu il dekabrın 19-da Berlin hava limanında saxlanılıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.
Gürcüstanda axtarışda olan G.Kalandadze 2012-ci ilin iyulunda terror aktına hazırlıqda günahlandırılan Gürcüstan vətəndaşına işgəncə verməkdə ittiham olunur. Baş Qərargahın keçmiş rəisi qanunsuz olaraq azadlıqdan məhrumetmə və işgəncələrdə ittiham edilir. Onu 12 ildən 17 ilədək həbs cəzası gözləyir.
Baş Prokurorluq G.Kalandadzenin Gürcüstana ekstradisiyası ilə bağlı artıq Almaniyaya müraciət edib.
Qeyd edək ki, G.Kalandadze Baş Qərargaha Mixeil Saakaşvilinin prezidentliyi dövründə 2012-ci il oktyabrın 8-dən noyabrın 11-dək rəhbərlik edib. O, 2014-cü ildən Ukraynada yaşayıb.