image-80backend

Gürcüstanda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

image-reklam_sirab_01

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisidə 44 günlük Vətən müharibəsində həlak olan Gürcüstandan olan Azərbaycan əsilli 22 şəhidin xatirə mərasimi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycan səfiri Faiq Quliyev, Türkiyə səfiri Fatma Ceren Yazqan, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, Marneuli meri Kənan Ömərov, deputatlar Zaur Darğallı və Savalan Mirzəyev, şəhidlərin ailə üzvləri, azərbaycanlı icmanın üzvləri, iş adamları və digər şəxslər iştirak ediblər.

Anım mərasimində əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib.

F.Quliyev çıxışında bildirib ki, tədbirin əsas məqsədi Zəfər günü ərəfəsində qəhrəman şəhidlərin yad edilməsi və xatirələrinə böyük ehtiramın nümayişidir: “Biz çox qürurluyuq ki, 30 ilə yaxın dövrdə düşmən tapdağı altında olan torpaqlarımız azad edilib və artıq Zəfər gününün ildönümü ərəfəsindəyik. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”.

Diplomat müharibə zamanı Gürcüstandakı soydaşlarımızın mənəvi vətənləri olan Azərbaycana göstərdikləri dəstək və həmrəyliyə görə minnətdarlığını ifadə edib.

Səfir Gürcüstandan olan Azərbaycan əsilli şəhidlər haqqında sənədli filmin lentə alındığını və onların ömür yolundan bəhs edəcək kitabın hazırlanacağını diqqətə çatdırıb.

Səfir F.C.Yazqan deyib ki, şəhidlər Azərbaycanın və bölgənin gələcəyi, əmin-amanlığı üçün canlarından keçiblər: “Şəhidlərin yaxınlarına səbr diləyirəm. Vətən uğrunda verilən canlar bundan sornakı övladlara can verəcək. Allah Azərbaycanı qorusun! Allah türkü qorusun!”

Türkiyənin quruluşundan bu yana vətəni qorumaq üçün övladlarını şəhid verdiyini qeyd edən xanım diplomat çıxışının sonunda şəhid ruhunu anladan bir neçə şeir misrası oxuyub.

M.Məmmədov da çxış edərək deyib ki, Azərbaycan Ordusunun, hərbçilərinin 44 gündə göstərdiyi şücaəti və igidliyi misilsizdir: “Bu qəhrəmanlıq uzun illər unudulmayacaq. Azərbaycan durduqca bu barədə fəxr və qürurla danışılacaq. Azərbaycan Prezidenti İlham Əliyevin sərkərdəlik dahiliyi və Ordumuzun igidliyi sayəsində torpaqlarımız azad olundu. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa diləyirəm”.

A.Nağıyev öz növbəsində 44 günlük Vətən müharibəsini Azərbaycan tarixinin ən şərəfli günləri adlandırıb: “Qalibiyyəti mümkün edən Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuz və Azərbaycan xalqının mərdliyi oldu. Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımız da xalqın yanında oldu”.

Sonra çıxış edən Z.Darğallı 44 günlük müharibə dövründə bir xalqın bir məqsəd ətrafında necə birləşməyinin şahidi olduğunu bildirib: “Azərbaycan xalqı yenilməz olduğunu nümayiş etdirdi. Müharibə zamanı Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi cəsarət və qüruru xüsusilə vurğulamaq istəyirəm. Onun hər çıxışı bizə böyük sevinc hissi bəxş edirdi. Dövlət başçısı göstərdi ki, əsl ali baş komandan necə olmalıdır. Bütün şəhidlərə Allahdan rəhmət diləyirəm”.

Mərasim çərçivəsində Gürcüstanda yaşayan azərbaycan əsilli şəhidlərin həyat yolu haqqında çəkilmiş sənədli filmdən kiçik hissə nümayiş etdirilib, azərbaycanlı rəssamların çəkdiyi şəhidlərin portretləri və “Azərmarka” MMC-də hazırlanan poçt markaları şəhidlərin yaxınlarına təqdim olunub.

Tədbirin sonunda səfirlik adından ehsan verilib, Qurandan ayələr və şəhidlərin ruhlarına dualar oxunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki