image-37backend

Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyət daşıyıb

image-reklam_sirab_01

 

2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu tarixi bir uğura imza ataraq bir neçə yaşayış məntəqəsini və Xocavənd rayonunun Hadrut qəsəbəsini düşməndən azad etdi.

Hadrutun azad edilməsinin həm hərbi nöqteyi-nəzərdən, həm də strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyəti var idi. Bu ərazidə düşmən güclü möhkəmlənmiş, strateji mövqe qurmuşdu. Həmçinin, düşmənin Füzuli və Cəbrayıl istiqamətlərinə əlavə qüvvə göndərməsi üçün mühüm bir ərazi idi. Hadrutun işğaldan azad edilməsi erməni işğalçılarının cəbhənin digər istiqmətlərində müqavimətinin zəifləməsinə, düşmən əsgərləri arasında ruh düşkünlüyünün yaranmasına gətirib çıxartdı.

Əslində düşmən Hadrut istiqamətində Azərbaycan Ordusunun hücumunu gözləmirdi. Cəbrayılın azad olunmasından sonra Ordumuz düşünülmüş taktiki hərbi manevr edərək əsas zərbəni Hadrut istiqamətinə endirmiş və mühüm yüksəklikləri ələ keçirməklə həm Şuşanın, həm də Füzuli, Zəngilan, Qubadlı, rayonlarının azad olunmasına şərait yaranmışdır.

Hadrutun azad edilməsi və orada yerləşən təminat-təchizat bazasının Azərbaycan Ordusunun nəzarətinə keçməsi cənub istiqamətindəki Ermənistan qoşunlarının ehtiyat silah-sursatla təchizatında problemlər yaratmağa başladı. Ordumuz müxtəlif texnikalar ələ keçirməklə ondan sonrakı döyüşlərdə işğalçı orduya qarşı istifadə etdi.

Ermənistan Ordusunun 30 il müddətində formalaşdırdığı “yenilməz ordu” mifi darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı, daxili vəziyyət getdikcə gərginləşdi. Qısa dövrdə Ordumuzun endirdiyi sərrast zərbələr nəticəsində Ermənistanın hərbi texnika və silah-sursatı sıradan çıxarıldı. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyunqaçırma və fərarilik halları geniş vüsət aldı.

Cari ilin martın 15-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib. Ali Baş Komandan çıxışında Hadrutun işğaldan necə azad olunduğunu açıqlayıb.

Dövlət başçısı bildirib ki, Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub: “İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi”.

44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini, ordumuzun gücünü  bütün dünyaya sübuta yetirdi.

 

Aysel Mənsimova – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki