image-gullu-yologlubackend

HƏR SAHƏDƏ SELEKTİV YANAŞMA VAR…

image-reklam_sirab_01

“Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik” (İlham Əliyev)

Qoşulmama Hərəkatı təşkilat kimi 1961-ci ilin sentyabr ayında Belqrad konfransında yaradıldı. Lakin təşkilatın yaradılmasına zəmin bir neçə il öncədən hazırlanmışdır. Hələ 1955-ci ildə Asiya və Afrika ölkələrinin Banduq konfransı, 1956-cı ildə İosip Broza Tito (Yuqoslaviya), Qamal Abdel Naser (Misir) və Cəvahirlər Nerunun (Hindistan) üçtərəfli müzakirələri, 1961-ci ilin əvvəlində Titonun Asiya və Afrika ölkələrinə “Qaleb” gəmisindəki səyahəti, keçirilən görüşlər, aparılan danışıqlar həmin ilin sentyabr ayında Qoşulmama Hərəkatının bir təşkilat kimi meydana çıxmasına səbəb oldu. Əsasən postkolonial asılılıqdan yaxa qurtarmaq, öz müasir, müstəqil iqtisadiyyatını qurmaq istəyən 25 gənc ölkə, dövlət və hökumət bu təşkilata qoşuldu… Və artıq 1964-cü ildə Qahirədə 47 ölkə öz səsini Qoşulmama Hərəkatı altında birləşdirdi…

Beynəlxal təşkilat olan Qoşulmama Hərəkatının əsas prinsipi dünyada olan hərbi bloklara qoşulmamaqdır. Təşkilat yaranan dövrdə belə bloklar kimi Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO), Varşava Müqaviləsi Təşkilatı (VMT), Mərkəzi Müqavilə Təşkilatı (SENTO), Cənub-Şərqi Asiya Millətləri birliyi (ASEAN), Sakit Okean Təhlükəsizlik Paktı (ANZUS) və digərləri nəzərdə tutulurdu.

2011-ci ildə bu təşkilatdakı ölkələrin sayı 120-yə çatdı. Bu da onların arasında yalnız yeganə Avropa ölkəsi olan Belarus Respublikası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi hərbi blokdadır. KTMT-nin üzvü olan Qazaxıstan, Qırğızıstan, Tacikistan da müşahidəçi qismində çıxış edirlər. Ermənistanın da 17 müşahidəçi ölkə arasında olması qəribə görünür…Müşahidəçi qismində 5 beynəlxalq, 2 milli-azadlıq təşkilatının olması da Qoşulmama Hərəkatının beynəlxalq siyasi təşkilat kimi hər gün nüfuzunun artdığından xəbər verir.

Bu qədər ölkə və təşkilatın hər hansı bir konfliktin həlli yollarının müzakirəsində yekdil fikrə gəlməsi mürəkkəb məsələdir. Bu da təbiidir. Qoşulmama Hərəkatına daxil olan ölkələrin bir çoxu əsrlər boyu bir-biri ilə münaqişədə olan ölkələrdir. Lakin Azərbaycanın sədrliyi dövründə Hərəkatın daxilində müşahidə edilən fikir ayrılıqları yavaş-yavaş aradan qalxmağa başladı…

Bütün ölkələrin suverenliyini, ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyən, özü selektiv yanaşmaya məruz qalan Azərbaycan sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə dəstək vermək üçün 2011-ci ildə Qoşulmama Hərəkatına daxil oldu. Məhz qısa müddət ərzində Azərbaycanın Hərəkatın üzvləri arasında böyük nüfuz qazanmasının nəticəsi idi ki, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi…

Hazırda 120 üzvü olan Qoşulmama Hərəkatının sədrliyi növbəti dəfə Azərbaycandadır. Azərbaycanın üçillik sədrliyi 2022-ci ildə bitməli olsa da, üzv ölkələrin xahişi ilə Azərbaycan bu sədrliyin daha bir il uzadılmasına razı oldu. Beləliklə, 2023-cü ildə sədrlik Uqandaya keçəcək.

2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilən və 60 ildən sonra yenidən Belqradda keçirilən Yüksək Səviyyəli Toplantısında Azərbaycanın sədrliyi dövründə görülən işlərdən, inkişaf etmiş dövlətlərin sərgilədikləri ikili standartlardan, hazırkı COVİD-19 pandemiyası dövründə ölkələrə vaksinlərin qeyri-bərabər paylanmasından, Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğalından, Azərbaycanın ərazi bütövlüyünü öz gücü sayəsində bərpa etməsindən danışan Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bu təşkilatın suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən bir təşkilat olduğunu xüsusi vurğulayaraq demişdir: “Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik”.

Maraqlıdır ki, beynəlxalq münasibətlərdəki ikili standartlardan istifadə edən, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini havadarlarının köməyilə işğal altında saxlayan Ermənistan da bu Hərəkatda müşahidəçi kimi iştirak edir. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, qadın və uşağı qətlə yetirən, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozan bir ölkənin hansı üzlə bu təşkilata maraq göstərməsinin özü də çox maraqlıdır. Bunu yalnız ermənilər bacara bilərlər…

1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasına məhəl qoymayan təcavüzkar ölkəyə qarşı sanksiyalar tətbiq olunmadı. Bundan istifadə edən Ermənistan “işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi”. Lakin haqqı, ədaləti Azərbaycan özü dəmir iradə, dəmir yumruq, xalq iqtidar birliyi, güclü ordu, vətənpərvər oğul və qızlarının sayəsində bərpa etdi, 44 gün sürən Vətən müharibəsindən ölkə olaraq alnı açıq, üzü ağ çıxdı… Üstəlik də belə bir vaxtda iki böyük beynəlxalq təşkilata sədrlik edən Azərbaycan nə Türk Şurasının, nə də Qoşulmama Hərəkatının qayğı və problemlərini unutmadı.

Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdü və təşkil etdi. Bir sıra ölkələrə tibbi ləvazimatlar, vaksin göndərildi, bu sahədəki boşluqlar, ikili standartlar, selektiv yanaşmaların olması yüksək səviyyədə dilə gətirildi. Belə ki, “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir”. 2021-ci ilin “mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır”.

Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.

Azərbaycanın sədrliyi dövründə əldə olunan müsbət inkişafın nəticəsi idi ki, Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsi Azərbaycana əhəmiyyətli dəstək verdi. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan verməyərək Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər.

Əlbəttə ki, Hərəkatın gələcəyini də düşünmək lazımdır. Qoşulmama Hərəkatının sədri kimi gələcəkdə də üzv ölkələr arasında birliyi, anlaşmanı, dayanıqlı sülhü, dialoqu təmnin etmək üçün gənclərə diqqət yetirir, onların bu ruhda yetişməsi üçün bir sara addımlar atır. Bu addımlardan biri də Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasının keçirilməsi və təsisatlanma ideyası ilə çıxış etməsidir.

 

GÜLLÜ YOLOĞLU

tarix elmləri doktoru, türkoloq

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki