Ukraynanın müdafiə naziri Aleksey Reznikov ABŞ-ın Müdafiə Nazirliyinə (Pentaqon) hərbi yardım üçün müraciət edib.
Vətəninfo.az “UNIAN”a istinadən xəbər verir ki, bunu “Foreign Policy” jurnalı Ukraynanın hərbi rəsmisinə istinadən yazıb.
Nazir həmçinin “Taliban”ın hakimiyyəti ələ keçirilməsindən öncə Əfqanıstan üçün nəzərdə tutulan silahların Ukraynaya verilməsini xahiş edib.
Adı açıqlanmayan məmurun sözlərinə görə, söhbət bombardmanlar və elektromaqnit hücumlarından qoruyan hava, dəniz müdafiəsi və radioelektron mübarizə vasitələrinin təmin ediməsindən gedir. Bundan əlavə, Ukrayna ABŞ-dan Mİ-17 helikopterləri almaq istəyir.
Bildirilib ki, rəsmi Vaşinqton Ukraynanın yardım müraciətini, o cümlədən Rusiyanın mümkün hücumlarını qabaqlayan digər variantları da nəzərdən keçirir. Eyni zamanda Ukrayna Hərbi Hava Qüvvələrinin ehtiyaclarını qiymətləndirmək məqsədilə Ukraynaya Pentaqonun rəsmiləri göndərilib.
Qeyd edək ki, bundan əvvəl “Washington Post” qəzeti Rusiya ilə Ukrayna arasındakı sərhədə hərbi birləşmələrin yerləşdirilməsi barədə material yaymışdı. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov isə “Military Times” qəzetinə müsahibəsində sərhədə 92 min rusiyalı hərbçinin cəmləndiyini və yanvarda vəziyyətin kəskinləşəcəyini söyləmişdi.
Bu yaxınlarda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın Ukrayna sərhədləri yaxınlığında 115 min hərbçi yerləşdirdiyini açıqlamışdı.
Ukrayna Prezidenti Vladimir Zelenski də noyabrın 26-da keçirdiyi mətbuat konfransında eskalasiyanın hər an baş verməsinin mümkünlüyünü bildirmişdi.
Rusiya tərəfi isə bütün iddiaları rədd edir.