image-22jpg-1668665824backend

LƏYAQƏTİ QİYMƏTLƏNDİRƏNLƏRLƏ BİR YERDƏ OLMAQ TÜRKÜN ALIN YAZISIDIR

image-reklam_sirab_01

Fransa Senatının antiazərbaycan məzmunlu qətnaməsi şəxsən məni təəccübləndirmədi. Çünki bu, birinci dəfə deyil. 44 günlük Vətən müharibəsinin elə ilk günlərində Fransa Prezidenti belə bir bəyanat vermişdi: “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Beynəlxalq hüquqa zidd olan və Fransanın az qala otuz illik vasitəçilik fəaliyyətinin iç üzünü ortaya qoyan bu bəyanatı cəmiyyətimizdə kimsə unuda bilərmi? Yaxud, qondarma “Dağlıq Qarabağ Respublikasının tanınması” ilə bağlı Fransa Senatının müharibədən dərhal sonra qəbul etdiyi qətnamə də bir daha göstərdi ki, bu ölkənin istər Minsk qrupu çərçivəsindəki fəaliyyəti, istərsə də son iki ildəki vasitəçilik təşəbbüsü sülhə deyil, işğal faktı ilə bağlı status-kvonun saxlanılmasına, nəticə etibarı ilə erməni separatçılığının təşviqinə xidmət edir. Fransa Senatının 15 noyabr tarixli qətnaməsində Silahlı Qüvvələrimizin suveren ərazimiz olan Laçın dəhlizindən çıxarılması tələb olunur. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri üzərindəki suveren hüquqlarına, beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə aşkar hörmətsizlik deməkdir.

Ölkəmizə qarşı bu cür qərəzli və ədalətsiz qərarların lehinə səs verən, onlara imza atan ermənipərəst siyasi camiənin diqqətinə elə öz mənbələrindən bir neçə faktı xatırlatmaq istərdim. Fransanın “Le Monde” qəzetinin 1992-ci il 14 mart tarixli sayındakı məqalələrdən birində bu cümlələr yazılmışdı: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülən qadın və uşaqların meyitləri arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit gördülər. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır”. Yenə də Fransadan olan erməni əsilli digər jurnalist Berain Siracyan həmin dövrdə “Hücumdan əvvəl” məqaləsində belə yazırdı: “Xocalıda baş verənləri öz gözlərimlə gördüm. Hər tərəfdən qan qoxusu gəlirdi… Bu mənzərədən ona görə vahimələndim ki, bu qanı Azərbaycanın, onun gələcək nəsillərinin heç zaman unutmayacağını və susmayacağını anladım. Bu gün ruslar bizimlədir. Bəs, sabah? Biz tək qala bilərik”. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Tomas De Valla verdiyi müsahibəsində bunları etiraf etmişdi: “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik”. Xocalı cəlladının bu qandonduran etirafı Tomas De Vallın “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabının 172-ci səhifəsində də yer alır.

Fransız və erməni mənbələrinə istinadım təsadüfi deyil. Çünki Fransa Senatının üzvləri yalnız bu mənbələri “mötəbər” hesab edirlər, Azərbaycan və Türkiyə mənbələri isə onlar üçün həmişə şübhəli və mübahisəli görünür. Amma Fransa Senatı etibarlı hesab etdikləri mənbələrdən gələn məlumatları da nədənsə gözardı edərək Xocalı soyqırımını indiyədək tanımayıb. Bu gün Qarabağda erməni dini və mədəni irsinin qorunmasına çağırış edən və humanitar məsələləri qabardan fransız parlamentariləri ya qəsdən özlərini Xocalı soyqırımından bixəbər kimi aparır, ya da sevimli bacıları Ermənistana olan sonsuz məhəbbətləri imkan vermir ki, həqiqəti etiraf etsinlər. Görünür, məşhur məsəldə deyildiyi kimi, məhəbbətin gözü kor olur.

Əgər Fransa parlamenti uydurma erməni soyqırımını tanıdığı halda, Xocalı soyqırımını indiyədək tanımayıbsa, onun ölkəmizlə bağlı digər məsələlərdə ədalətli mövqe tutacağına inanmaq çətindir. Ermənistan 44 gün ərzində Gəncənin, Bərdənin, Mingəçevirin, Tərtərin və digər şəhər və rayonlarımızın mülki əhalisini qadağan olunmuş kasetli bomba və raketlərlə atəşə tutanda da, Fransa Senatı və digər rəsmiləri susurdular. 28 il ərzində onlar özlərini elə aparırdılar ki, guya Ermənistanın digər müharibə cinayətini-Qarabağda həyata keçirdiyi qanunsuz məskunlaşdırmanı da görmürlər. Fransa Senatı işğal dövründə şəhər və kəndlərimizin erməni vandalları tərəfindən yerlə-yeksan edilməsinə, tarixi, mədəni və dini irsimizin qəsdən məhv olunmasına, məscidlərimizin və qəbirlərimizin bilərəkdən təhqir edilməsinə də göz yumdu. Bütün bunlara baxmayaraq, Fransa Ermənistana qarşı nəinki sanksiya çağırışı etmədi, heç Senatın özü də fərdi qaydada buna təşəbbüs göstərmədi. Elə bütün bunlara görə, cəmiyyətimiz Fransanın sülh təşəbbüslərindəki səmimiyyətinə şübhə ilə yanaşır və Senatın ölkəmizə qarşı sanksiya tələbini açıq qərəzin və ermənipərəst mövqenin ifadəsi kimi qəbul edir. Təsadüfi deyil ki, Fransa Prezidentinin təşəbbüsü ilə noyabrın 12-də baş tutan telefon danışığında Prezident İlham Əliyev açıq mətnlə bildirmişdi ki, “Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşma nümayiş etdirilməlidir”.

Azərbaycan Prezidenti noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının lX Zirvə Görüşündə bu həqiqəti də dünya birliyinin diqqətinə bir daha çatdırdı: “Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir”. Təəssüf ki, bu cür uydurma fobiyalar yalnız Ermənistanın siyasi səhnəsində müşahidə olunmur. Son illərin reallıqlarından biri də budur ki, Fransa cəmiyyətini də həmin fobiyaların qurbanına çevirmək istəyən siyasilər var. Onların arasında hətta Fransa prezidentliyinə namizədliyini irəli sürənlər də olub. Qardaş Türkiyənin Fransaya haqlı etirazlarının təməlində həm də bu cür faktlar dayanır. Laçın dəhlizinə Azərbaycan Silahlı Qüvvələrinin nəzarət imkanlarından şikayətçi olan Fransa Senatının mövqeyi də təsadüfi deyil. Çünki bu ölkənin bir çox siyasiləri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, ölkəmizin aidiyyatı dövlət qurumlarını xəbərdar etmədən, müvafiq prosedur qaydalarını gözləmədən dəfələrlə həmin yolla Xankəndinə səfər ediblər. Hansı məqsədlə, guya sülh naminə? Cavab birmənalıdır. Fransa Senatının qətnamələri ona dəlalət edir ki, bu səfərlər erməniləri xam xəyallara ümidləndirmək, status məsələsini “diriltmək”, əslində isə erməni separatçılığını təşviq etmək məqsədini güdür.

Bu cür qərəzli qərar və addımların yalnız bir izahı var. Fransa rəsmiləri üçün “sevimli baçılarının” şıltaqlığı Azərbaycanla dostluq və etibarlı tərəfdaşlıq münasibətlərindən daha qiymətlidir. Azərbaycan cəmiyyəti Fransa Senatının və digər rəsmilərinin vazkeçilməz erməni sevgisini anlayışla qəbul edə bilər. Yalnız o halda ki, bu, müstəqil Azərbaycanın dövlət maraqlarının və beynəlxalq hüquq normalarının pozulması hesabına baş verməsin. Ona görə də, hara kimi sevəcəklər, kim kimin şıltaqlığına hara qədər dözəcək, özləri bilər. Müstəqil Azərbaycanın isə qardaş və dost ölkələr, eləcə də etibarlı tərəfdaşlar baxımından heç bir narahatlığı yoxdur. Ən başlıcası, ölkəmizi həmin dövlətlərlə birləşdirən bərabərhüquqlu münasibətlərdir. O münasibətlər ki, onun əsasını etibarlılıq və yalnız öz Vətəninə, öz Dövlətinə sevgi və ləyaqətli davranış təşkil edir. Ləyaqəti qiymətləndirənlərlə bir yerdə olmaq isə Türkün alın yazısıdır.

Ülvi Quliyev,

Milli Məclisin deputatı

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki