image-379509_res_01backend

NATO Ukraynada baza açır, Lukaşenko Kiyevi Putinlə qorxudur

image-reklam_sirab_01

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın öz ərazisinə “gizlicə NATO qoşunlarını buraxdığını” bəyan edib. “Siz görürsünüzmü, onlar oradadır, Ukraynadadır, NATO qoşunlarını çəkib gətirirlər. Təlim mərkəzləri adı altında onlar faktiki olaraq baza yaradırlar. Ukraynada ABŞ bazaları yaradırlar”, – Lukaşenko ötən gün sentyabrın 27-də belə deyib.

Belarus prezidenti əlavə edib ki, o Rusiya prezidenti Vladimir Putinlə bu təhdidə qarşı birgə fəaliyyət yollarını müzakirə edib. Və razılığa gəliblər ki, Ukraynada NATO bazalarının olması hər iki ölkə üçün “qırmızı xəttin” keçilməsidir və buna qarşı tədbirlər görmək lazımdır.

 

Bunun ardınca Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə təsdiq edib ki, həqiqətən Belarus və Rusiya prezidentləri dəfələrlə NATO-nun Ukrayna ərazisinə doğru genişlənməsi mövzusunu müzakirə ediblər. “NATO-nun hərbi infrastrukturunun potensial olaraq Ukraynaya doğru genişlənməsi mövzusu dəfələrlə Rusiya prezidenti tərəfindən gündəmə gətirilib, bunun Rusiya üçün “qırmızı xətt” olduğu ifadə edilib. Rusiya və Belarusun NATO-nun genişlənməsinə qarşı cavab tədbirləri iki dövlətin təhlükəsizliyinin təmin edilməsinə dair fəaliyyətlərdən ibarət olacaq”, – Peskov bildirib.

NATO üzvü olmayan, lakin şimal alyansına üzvlük məramını dəfələrlə bəyan edən Ukrayna hər iki xəbərdarlığı rədd edib və bildirib ki, Kiyev özünün təhlükəsizlik siyasətini müstəqil təyin edəcək . “Moskva qoy Rusiyanın daxilində baş verənlərdən narahat olsun. Putinin “qırmızı xətləri Rusiyanın sərhədləri daxilində qoyula bilər. Rusiya-Ukrayna sərhədinin bizə aid olan hissəsində Ukrayna xalqı, Ukrayna və Avropanın təhlükəsizliyi üçün nəyin lazım olduğunu biz özümüz müəyyən edirik,-Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Minsk və Moskvadan edilən xəbərdarlıqları rədd edərək bildirib.

Xatırladaq ki, Rusiya bu ilin əvvəllərində Ukrayna sərhədi boyunca, habelə ilhaq olunmuş Krımda 120 minlik əsgəri qüvvə cəmləşdirmişdi. Belə narahatlıqlar vardı ki, Moskva Kiyevi Donbass üzərinə hücumda günahlandıraraq Ukraynanın yeni ərazilərini tutmaq üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq. Sonradan ABŞ və Rusiya prezidentləri arasında telefon danışıqlarından sonra gərginlik azalsa da son günlər Rusiya qoşunlarının yenidən Ukrayna sərhədlərinə cəmləşdirildiyi haqda xəbərlər gəlir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki