image-pervin-mahmudovbackend

Prezident İlham Əliyev Səmərqənddə erməni vəhşiliyini bir daha ifşa etdi

image-reklam_sirab_01

 

 

Ermənistanın maddi-mədəni irsimizi məhv etməsi təkcə Azərbaycana qarşı deyil, həm də ümumbəşəri sivilizasiyaya qarşı törədilən vandalizm aktıdır

Noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tədbirdə etdiyi çıxışında bir sıra mühüm məsələlərə toxunaraq bəzi ölkələrə vacib mesajlar çatdırdı. Məsələn, Cənab Prezident vurğuladı ki, Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır: “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”. Cənab Prezidentin Zirvə Görüşündəki çıxışında əsas diqqət çəkən məsələ erməni barbarlarının Qarabağda törətmiş olduqları vəhşiliklə bağlı idi. İlham Əliyev cənablarının sözlərinə görə, otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir. Ermənistan işğal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb”.

Bəli, həqiqətən də erməni vandalları 30 il ərzində Azərbaycanın əzəli və əbədi torpaqlarında yer üzündə misli görünməmiş vandallıq törədiblər. Apardığım qısa araşdırmalar nəticəsində məlum oldu ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altında olduğu dövrdə ərazilərimizə ekoloji baxımdan çox ciddi ziyan vurulub. Məlumatlara əsasən, orada həm faydalı qazıntılar çıxarılaraq Ermənistana daşınıb, həm də narkotik becərilməsinə qədər hər cür çirkin məqsədlərlə istifadə edilib. Ermənilər xalqımıza qarşı etdiyi genosidi təbiətimizə, milli sərvətlərimizə qarşı da həyata keçirib. Bədnam qonşularımız tərəfindən məhv edilən 10 min hektarlarla meşə sahələrinin bərpası üçün külli miqdarda vəsait, eyni zamanda uzun illər lazımdır. O cümlədən basdırılmış minaların təmizlənməsi zamanı da torpaq çirklənib. Müharibə prosesində də torpağı ekoloji baxımdan zədələyən silahlardan istifadə olunub. Həm torpağın strukturu pozulub, həm torpaq zəhərlənib.

Xatırlayırsınızsa, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı bu məsələni xüsusi olaraq vurğulamışdı: “Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid – ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib, Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdir. Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng Su Anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi… Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir”.

Erməni vəhşiləri Qarabağın təbiəti ilə yanaşı, məscidlər, dini, tarixi, mədəni abidələrə də divan tutublar. Belə ki, ermənilər işğal altında olan torpaqlarımızdakı məscidlərdən tövlə kimi istifadə edərək dinimizə qarşı olan sayğısızlıqlarını nümayiş etdiriblər. Əlbəttə, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistanın maddi-mədəni irsimizi məhv etməsi təkcə Azərbaycana qarşı deyil, həm də ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik və vandalizm aktıdır. Qarabağda Ermənistan tərəfindən yüzlərlə tarixi abidə, onlarla muzey, məscid və mədəni irs nümunələri vandalizm obyektinə çevirib. XIX əsrə aid Ağdam məscidi dağıdılıb talan edilməklə yanaşı, donuz və mal-qara saxlanılması üçün tövlə kimi istifadə edilib və təhqir obyektinə çevrilib.

Rəsmi məlumata görə, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Amma ermənilər Azərbaycana qarşı vurduqları maddi ziyanı gün gələcək ödəyəcəklər. Nəzərinizə çatdırım ki, tarix və mədəniyyət abidələrinin mühafizəsi, bununla da insanların mədəni hüquqlarının təmini tək o ölkələrin daxili qanunvericiliyi ilə deyil, həmçinin beynəlxalq hüquq normaları ilə tənzimlənir. 16 dekabr 1966-cı il tarixli “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt, 14 may 1954-cü il tarixli “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyası, 19 dekabr 1954-cü il tarixli Avropa Mədəniyyət Konvensiyası, 16 noyabr 1972-ci il tarixli YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyası və digər beynəlxalq sənədlər tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi, onlardan istifadə və ümumilikdə insanların mədəni hüquqlarının müdafiəsi ilə bağlı müddəaları təsbit edir. Azərbaycan Respublikası müstəqil dövlət olaraq bir sıra beynəlxalq müqavilələrə, o cümlədən adları çəkilən konvensiyalara qoşulmuş, öz milli qanunvericiliyini məhz beynəlxalq hüquq normalarına uyğun olaraq formalaşdırmışdır. 10 aprel 1998-ci il tarixdə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Bu qanun tarix və mədəniyyət abidələrinin mühafizəsi, öyrənilməsi və onlardan istifadə ilə bağlı münasibətləri tənzimləyir. Rəsmi məlumatlara görə, erməni işğalı nəticəsində Azərbaycana 23 trln. dollardan artıq zərər dəyib. Tarixə nəzər salsaq aydın olar ki, Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi faktları qeydə alınıb. Körfəz Müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub. Bu baxımdan, dəymiş ziyanın məbləği tam hesablanandan sonra Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən təzminatın ödənilməsini təmin edəcək.

Yazımı Cənab Prezident İlham Əliyevin Səmərqənd sammitində Türk dünyası ilə bağlı söylədiyi fikirlərlə yekunlaşdırmaq istəyirəm: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”.

Uca Allah böyük bir ailə olan Türk dünyasını, Türk qardaşlığını və birliyini qorusun.

 

Pərvin Mahmudov

Suraxanı rayon sakini, 44 günlük Vətən müharibəsi iştirakçısı

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki