image-58backend

Rusiya – Ukrayna cəbhəsi yenidən ALOVLANIR – Hər an müharibə başlaya bilər

image-reklam_sirab_01

Son günlər Rusiyanın Ukraynaya hücum təhlükəsi haqqında müxtəlif fikirlər var. Bununla birlikdə Ukraynaya hücum olarsa, Rusiyaya qarşı birlik də formalaşır. Bu da ABŞ və NATO ölkələridir.

 

Noyabr ayında Amerikanın nəşrləri Rusiya qoşunlarının Ukrayna sərhəddində dislokasiyası haqqında yazırdılar. Bu xəbərlərdən sonra ABŞ-ın Dövlət katibi Antony Blinken Rusiyanın Ukrayna ərazisinə hücum edəcəyi təhlükəsindən danışdı. Daha sonra Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Villiam Burns isə Rusiya prezidenti Vladimir Putinlə bu haqda danışmaq üçün Moskvaya uçdu.

 

Ötən ayın sonlarından etibarən isə rusiyalı diplomatlar Amerikanın müharibə təhlükəsi iddialarına daha sərt cavablar verməyə başlayıblar.

 

Dekabrın 1-də Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl keçirilən qala ziyafətdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynadakı vəziyyətlə bağlı mübahisə etdiyi deyilir.

 

Bu fikir ayrılıqları yeni müharibədən xəbər verirmi?

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Modern.az-a açıqlamasında bildirib ki, indiki vəziyyətdə Rusiya Ukraynanı qorxutmaq istəyir:

 

“Hazırda gərginlik artmış vəziyyətdədir. Rusiya böyük qoşun hissələri toplayıb. Bununla da Ukraynanı qorxutmağa çalışır. Çünki Ukrayna Donbasa nəzarət etmək istəyir, belə baxanda, bu onun haqqıdır. Əslində Rusiya anlatmağa çalışır ki, Ukrayna Donbasa ordu yeridərsə, Rusiya da onun ərazisinə daxil olacaq. Çünki Rusiyanın köhnə bir planı var. Bu plan da Ukraynanı parçalayıb, ərazisini işğal etməkdən ibarətdir. Ona görə də burada vəziyyət getdikcə gərginləşməyə başlayır. Qərb və Amerika Rusiyanı xəbərdar edir ki, bu dəfə də müdaxilə olarsa, Rusiya üçün baha başa gələcək. Önəmli olan Ukraynanın təhlükəsizliyinin təminatıdır. Müharibə qeyri-real deyil, ola bilər. Çünki hazırda da Donbasda vəziyyət gərgindir, müharibə ehtimalı azalmayıb”.

 

Amerika iki ölkə arasındakı mübasibətlərə necə təsir edəcək?

 

Ekspertin sözlərinə görə, ABŞ-ın müdaxiləsini hələ gözlənilmir:

 

“Çünki keçən müharibədə də Amerika müdaxilə etməmişdi. Amma hazırda Amerika Ukraynaya kifayət qədər dəstək verir. Lakin Rusiya Ukraynaya müdaxilə edərsə, Qərbin məsələyə hansı şəkildə müdaxilə edəcəyi bu saat sual altındadır. Mən inanmıram ki, Amerika Rusiya ilə müharibəyə girişmək istəsin. Amma onun da nəsə bir planı olacaq. Plan çərçivəsində də Rusiyaya qarşı sərt siyasət yeridiləcək. Hazırkı vəziyyətdə Rusiya da Amerika ilə müharibə aparmaq niyyətində deyil. Çünki bunun ağır nəticələri olacaq. İki ölkənin müharibəsi də təbii ki, bölgəyə təsir edəcək. Çünki ikisi də nüvə dövlətidir”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki