image-1backend

Xalqların “qanlı imtahan”ı: XX əsrdə dünya xəritəsindən silinmiş dövlətlər

image-reklam_sirab_01
XX əsrdə mövcud olmuş bu dövlətlərin bəziləri bir anda yer üzündən yox oldular, bəziləri isə digər ölkələrlə birləşərək öz varlıqlarını bu günədək davam etdirirlər. Hər birinin fərqli hekayələri olsa da, hamısı öz varlığını qorumaq üçün qanlı imtahanlardan keçmişdi. Ötən əsrdə baş verən iki dünya müharibəsi ya onların yaranmasına, ya da dağılmasına səbəb oldu. Tarixin bu ağır və qanlı imtahanları Azərbaycandan da yan keçməmişdi.
1918-ci il mayın 28-də müstəqilliyi elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin varlığı 23 ay davam etmişdi. 1920-ci il rus ordusu tərəfindən işğal edilən Azərbaycan öz müstəqilliyinə bir də 71 il sonra – 1991-ci il oktyabrın 18-də qovuşdu.

 

Veteninfo.az Teleqraf.com-a istinadla ötən əsrdə dağılmış ölkələr haqqında məlumatları təqdim edir.
Çexoslovakiya
Birinci Dünya Müharibəsindən sonra qurulan Çexoslovakiya 1918-1992-ci illərdə öz varlığını qoruya bilib. Çexoslovakiya Avstriya-Macarıstan İmperiyasının tərkibində olan Moraviya, Slovakiya və Bohemiya adlanan bölgələrdə qurulmuşdu. İkinci Dünya Müharibəsində nasistlər, bundan sonra isə Sovet İttifaqı tərəfindən işğal edilərək, “Şərq bloku”na qoşulub. Mövcud olduğu dövrdə paytaxtı Praqa olan Çexoslovakiya 1993-cü il yanvarın 1-də Slovakiya və Çexiyaya bölündü.
Şərqi Almaniya və Qərbi Almaniya
İkinci Dünya Müharibəsində qalib gələn Sovet İttifaqı nasist qüvvələrindən azad etdiyi Almaniyanın yarısını ələ keçirdi və orada Almaniya Demokratik Respublikasını qurdu. Bu addımı 1949-cu ildə ABŞ, İngiltərə və Fransa tərəfindən Almaniya Federativ Respublikasının qurulmasına cavab olaraq atmışdı. Beləliklə, Berlindən keçən divar 1961-ci ildən 1989-cu ilədək – söküldüyü vaxta qədər ölkəni iki ayrı yerə parçaladı. Rəsmi olaraq 1990-cı ildə tamamilə dağıdıldığı elan edilən divar həm də Sovet İttifaqının gücünün simvolu idi.
Nyufaundlend
Şimali Amerikanın şimal-şərq sahillərində yerləşən Nyufaundlend keçmiş Britaniya koloniyasıdır. 1907-ci ildən 1934-cü ilədək İngiltərənin hakimiyyəti altında olsa da, qismən muxtariyyət qazana bilmişdi. “Böyük depressiya” Amerikaya ağır zərbə vuranda istəksizcə öz ayaqları ilə yenidən Britaniya koloniyasına qayıtdı. 1949-cu ildən isə Kanadanın bir ştatı olaraq öz varlığını davam etdirir.
Neytral Moresnet
Haqqında ən az məlum olan tarixi ölkələrdən biri də Neytral Moresnet adlanır. 1816-1920-ci illərdə Qərbi Avropada mövcud olub. Niderland və Prussiya Krallığı (indiki Almaniya) tərəfindən birgə idarə edilən bölgə olub. Cəmi 900 hektarlıq ərazidə qurulan Moresnet 1815-ci ildə Napoleonun məğlubiyyətindən sonra Avropada hökm sürən xaosdan bəhrələnərək yaranmışdı. 1920-ci ilə qədər öz varlığını qorumağı bacaran Moresnet həmin il Belçikaya birləşdirilib. Bu gün Kelmis şəhəri burada yerləşir.
Yuqoslaviya
1870-1920-ci illər arasında Mərkəzi Avropanın simasını müəyyən edən nəhəng Avstriya-Macarıstan İmperiyası dağılandan sonra bir çox böyük-kiçik dövlət quruldu. Bunlardan biri də 7 ölkəni özündə birləşdirən Yuqoslaviya idi. Birinci Dünya Müharibəsinin sona çatması ilə – 1918-ci ildə serblər, xorvatlar və slovenlərin diyarı olaraq qurulan Yuqoslaviya bir çox fərqli xalqlardan ibarət dövlətdi. İkinci Dünya Müharibəsində Sovet İttifaqı tərəfindən işğal edildi və “Şərq bloku”na daxil edilərək kommunist rejim tərəfindən idarə olundu. 1946-cı ildə Yuqoslaviya Sosialist Federativ Respublikası adlandırıldı. 1990-cı ildə başlayan və təxminən 20 il davam edən parçalanma qanlı və ağrılı oldu. Dağılmış Yuqoslaviyadan geridə Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya, Monteneqro, Kosovo və Şimali Makedoniya qaldı.
Zənzibar
Vaxtilə dövlət, bu gün isə əyalət olan Zənzibar da bu siyahıya daxildir. Hind okeanında, Afrikanın şərqində yerləşən Zənzibar arxipelaqı vaxtilə müstəqil krallıq olub. 1500-cü illərdən 1700-cü illərə qədər donanması ilə məşhur olan Portuqaliyanın hakimiyyəti altında qalıb. 1840-cı ildən Oman sultanı tərəfindən idarə olunmağa başlayıb. XIX əsr boyunca davam edən bu hökmranlıq ingilislər bölgəni ələ keçirəndən sonra sona çatsa da, sultan 1964-cü ilədək ölkəni idarə etməyə davam edib. 1970-ci illərdə ingilislərin hökmranlığından azad olub yenidən tam müstəqillik qazansa da, bu gün müstəqil Tanzaniyanın sərhədləri daxilindədir.
Birləşmiş Ərəb Respublikası
1958-ci ildə Misir və Suriyanın İsrailə qarşı birləşməsi ilə qurulan Birləşmiş Ərəb Respublikasının varlığı uzun müddət davam etməyib. Hətta bir-biri ilə sərhədləri olmayan bu iki ölkənin əzəli düşmənlərinə qarşı birləşmək səyləri cəmi 3 il çəkib. 1961-ci ildə iki ölkənin birliyindən ayrılan Suriyadan sonra Misir Birləşmiş Ərəb Respublikasının “yeganə əsgəri” kimi fəaliyyətini davam etdirməyə çalışsa da, uzun çəkməyib, 1971-ci ildə bu addan imtina edib.
Seylon
Hindistanın cənub sərhədləri yaxınlığında yerləşmiş böyük ada olan Şri-Lanka 1815-ci ildə Britaniya tərəfindən işğal edilərək koloniyalaşdırılıb. Bu müstəmləkəçilik 1948-ci ilə qədər davam edib. İngilislər tərəfindən bu dövrdə verilən “Seylon” Şri Lankanın müstəmləkəçilik günlərindən qalan adıdır. 1972-ci ildə müstəqilliyini elan edən Şri-Lanka bu müstəmləkə adından imtina edib.
Sovet İttifaqı
XX əsrdə dünya düzənini formalaşdıran supergüc Sovet İttifaqı idi. 1922-ci ildə qurulan SSRİ-nin ərazisi 22 milyon kvadratkilometrə çatırdı. Xüsusilə Mərkəzi və Şərqi Avropadan Qafqaz və Mərkəzi Asiyaya qədər uzanan SSRİ tarixin ən böyük hərbi güclərindən biri olub. 1990-cı illərin əvvəlində gücünün zəifləməsi ilə “qırmızı imperiya” tarixə çevrildi. Sovet İttifaqı dağıldıqdan sonra 15 ölkə azadlığına qovuşdu. Həmin ölkələrin arasında Azərbaycan da vardı.
Tibet
Hər nə qədər uzun tarixə sahib olmasına baxmayaraq, Tibet bu gün müstəqil dövlət deyil. Minilliklər tarixi olan Tibet 1912-ci ildə Dalay Lamanın rəhbərliyi altında müstəqilliyini elan edən dövlət olub. 1300-cü illərdən bəri Tibetin ruhani liderləri olan Dalay Lamalar bu ölkəni sülh içində idarə edən insanlar idilər. Təəssüf ki, 1951-ci ildə qonşusu Çin bölgəni işğal etdi. Tibet 1959-cu ilə qədər davam edən nümayişlər və etirazlar nəticəsində muxtar bölgə olaraq qəbul olunsa da, hələ də azadlıq uğrunda ümidsiz mübarizə aparmağa çalışır. Bu tarixi ölkənin lideri XIV Dalay Lama Hindistanda mühacir kimi yaşayır. Hələ də bölgədə “Tibet Çinin ərazisi deyil!” şüarı ilə etirazlar keçirilir.
Cənubi Vyetnam
Vyetnam 1954-cü ilə qədər Fransa koloniyası olub. İnqilab lideri Ho Şi Minin başçılıq etdiyi Vyetnam ordusu 1954-cü ildə müstəqillik müharibəsini alovlandırdı və istəyə nail olundu. Ho Şi kommunist idi və buna görə ABŞ-ın xoşuna gəlmirdi. “Demokratik Vyetnam” ideyasını təbliğ edərək, Nqo Din Zemin lider seçilməsi təşəbbüsünü dəstəklədi. Bundan sonra Vyetnam ikiyə bölündü. Şimalda Çin və SSRİ tərəfindən dəstəklənən kommunist dövləti, cənubda Amerika tərəfindən dəstəklənən demokratik Vyetnam vardı. Bu bölgüdən sonra həm şimal, həm də cənubda seçkilər keçiriləcək və ölkəni kimin idarə edəcəyi müəyyən olunacaqdı. Xalq Ho Şini dəstəkləyəndə və səslərin əksəriyyətinin kommunistlərin olacağı proqnozlaşdırıldıqda, Amerika bundan qorxdu.
ABŞ bunun qarşısını almaq üçün hiyləyə əl atdı. 1964-cü ildə Amerikanın iki casus gəmisinə “hücum” edildi. Amerikalılar bundan istifadə edərək Vyetnama savaş açdılar. Uzun illər davam edən müharibə nəticəsində yüz minlərlə insan öldü. 1976-cı Şimal və Cənub Vyetnam Sosialist Respublikası adı altında birləşdi.
Rodeziya
Rodeziya 1965-1979-cu illərdə Afrikanın cənubunda, indiki Zimbabve ərazisində mövcud olmuş dövlət idi. Maraqlıdır ki, İngiltərənin Afrikadakı müstəmləkəçiliyinə qarşı qurulmasına baxmayaraq, ağ azlıqların hökmranlıq etmək hüququna malik olduğunu müdafiə edib. 1964-1979-cu illərdə Rodeziyada ağların idarəetmə hüququnu müdafiə edən qüvvələr və ZAPU və ZANU adlı inqilabçı qruplaşmalar arasında vətəndaş müharibəsi baş verib. Müharibənin sonunda sülh sazişi imzalanıb və 1978-ci ildə qaraların üstünlük təşkil etdiyi Zimbabve-Rodeziya hökuməti qurulub. Bu hökumət beynəlxalq səviyyədə tanınmadıqda İngiltərə müdaxilə edib. Londonda Lençester müqaviləsinin imzalanmasından sonra yenidən seçkilər keçirilib. Seçkilər nəticəsində ZANU partiyası seçkilərdə qalib gəlib. Robert Muqabe yeni Zimbabve Respublikasının ilk seçilmiş baş naziri olub.
Havay Krallığı
Sakit Okeanın ortasında yerləşən Havay irili-xırdalı adalardan ibarət arxipelaqdır. 1810-cu ildə Kral Kamehameha bütün adaları birləşdirərək Havay Krallığını qurduqdan sonra bölgədə 1959-cu ilə qədər davam edən monarxiya rejimi başlayıb. Əsrlər boyu Amerika ilə gərginliyin yaşandığı Havay Krallığı ABŞ-ın da iştirak etdiyi çevrilişlə dağılır və yerində müstəqil respublika yaranır. Amma o vaxtkı ABŞ prezidenti Qrover Klivlend bunu ədalətsiz və qanunsuz hesab edir və krallığı yenidən diriltməyə çalışır.
1898-ci ildə başlayan Amerika-İspaniya müharibəsində Havayın strateji önəmi yenidən ön plana çıxır. Beləliklə, iştahı yenidən artan ABŞ 1959-cu ildə rəsmi olaraq Havayı öz ştatlarından biri elan edir. Amerika daha sonra Bill Klintonun hakimiyyəti dövründə daxili işlərinə qarışdıqları və krallıqlarını devirdikləri üçün Havaydan üzr istəyir.
Salo Respublikası
XX əsrdə tarix səhnəsindən silinmiş dövlətlərin arasında İtaliya Sosial Respublikası adıyla da tanınmış və Benito Mussolini tərəfindən idarə olunmuş Salo Respublikası da var. 1943-1945-ci illər arasında cəmi 2 il mövcud olmuş bu “sui-qəsd dövlət” əslində nasistlərin rəhbərlik etdiyi “peyk dövlət” idi. Bölgədə nasist ordusuna məlumat ötürmək üçün qurulmuşdu. Bu səbəbdən yalnız Almaniya və Yaponiya tərəfindən tanınan Salo Respublikası 1945-ci ildə almanlar məğlub olaraq ölkədən qovulduqdan sonra yoxa çıxdı.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki