“Antalyaspor”un israilli futbolçusu Saqiv Jehezkel həbs edilib.
Vətəninfo.az xəbər verir ki, buna səbəb Türkiyə çempionatının son tur matçında “Trabzonspor”a vurduğu qoldan sonra etdiyi jest olub. Jehezkel qol sevincini HƏMAS-la müharibədə əsir düşən israillilərə həsr edib. Futbolçu əlindəki sarğıda əks olunan “100 gün, 7 oktyabr” yazısını və Davud ulduzunu kameraya nümayiş etdirib.
Ədliyyə naziri Yılmaz Tunç sosial media hesabında etdiyi paylaşımda Antalya Respublika Baş Prokurorluğu tərəfindən “ictimaiyyəti açıq şəkildə kin və düşmənçiliyə sövq etmək” cinayəti ilə bağlı məhkəmə araşdırmasına başlanıldığını bildirib.
DHA-nın məlumatına görə, Jehezkelin Antalya Təhlükəsizlik Müdirliyi İdman Şöbəsi və Terrorla Mübarizə Şöbəsi qrupları tərəfindən saxlanılıb.
“Antalyaspor” klubu Saqiv Jehezkeli heyətdən kənarlaşdırıb. Klub prezidenti Sinan Boztepe verdiyi açıqlamada, “Milli dəyərlər hər şeydən üstündür, müqaviləsi pozulacaq” – deyə bildirib.