Azərbaycanda toy mərasimləri uzun illərdir ailə qurmaqla yanaşı, sosial münasibətlərin və cəmiyyətdəki statusun nümayiş etdirildiyi tədbirlərdən birinə çevrilib. Xüsusəndə son illərdə belə toylara xərclənən vəsaitlərin miqyası əvvəlki illərlə müqayisədə xeyli artıb. Restoran seçimi, qonaqların sayı, xüsusi dekorasiyalar, bahalı menyular, aparıcılar və tanınmış müğənnilərin dəvət olunması ilə baş tutan Azərbaycan toyları bu gün sanki bir ailə tədbirindən daha çox, böyük büdcəli şou proqramlarını xatırladır.
Xüsusilə imkanlı və ictimaiyyət arasında tanınan şəxslərin keçirdiyi toylar bu baxımdan daha çox diqqət çəkir. Belə mərasimlərin görüntülərinin sosial şəbəkələrdə yayılması isə dəbdəbəli toy anlayışının daha geniş auditoriyaya çatmasına və müəyyən mənada rəqabət mühiti yaratmasına səbəb olur.
Məsələn son olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini vəzifəsində çalışmış Elgün Feyzullayevin qızına keçirilən toy mərasimi də məhz bu səbəbdən gündəmə gəlib. Toyda həm azərbaycanlı, həm də türkiyəli tanınmış müğənnilərin səhnə alması mərasimin təşkili üçün kifayət qədər böyük vəsait xərcləndiyi barədə müzakirələrə yol açıb.
Məsələ bir daha Azərbaycanda toyların hansı miqyasda keçirildiyi, belə mərasimlərə nə qədər pul xərcləndiyi və bu xərclərin cəmiyyət üçün hansı sosial nəticələr doğurduğu sualını gündəmə gətirib.
Maraqlıdır ki, toy xərclərinin artmasına baxmayaraq, cəmiyyətdə bu mərasimlərdən imtina etmək və ya onları daha sadə keçirmək kimi bir maraq yoxdur. Əksinə, bəzi ailələr üçün qonaq sayının çoxluğu, bahalı restoran, məşhur müğənni və dəbdəbəli təşkilat toyun “yüksək səviyyədə” keçirilməsinin əsas göstəricisi kimi qəbul olunur. Bunun arxasında isə yalnız maddi imkan deyil, sosial təzyiq, qohum-qonşu münasibətləri, “el nə deyər” düşüncəsi və ailənin özünü cəmiyyətdə necə təqdim etmək istəyi də dayanır.
Maraqlıdır bir gecəlik bir mərasimə xərclənən böyük məbləğlərə həqiqətən də ehtiyac varmı?
Bu barədə sosioloq Nail Niftəliyev “AzPolitika”ya bildirib ki, Azərbaycanda toy mərasimlərinin keçirilmə tərzi və bu mərasimlərə yanaşma getdikcə dəyişir.
Ekspert hesab edir ki, ölkədə keçirilən toy mərasimlərinin sayı da ümumilikdə azalmaqdadır: “Təbii ki, toy mərasimlərinin tərzi və statusu getdikcə daha çox dəyişir və ölkədəki toy mərasimlərinin sayı da, yəni ümumilikdə, azalmaqdadır. Bu, qurulan ailə mərasimlərinin sayının proporsional olaraq aşağı düşməsi ilə bağlıdır”.
Nail Niftəliyev hesab edir ki, bu dəyişiklik yalnız iqtisadi səbəblərlə bağlı deyil. Onun sözlərinə görə, qloballaşma və cəmiyyətdə baş verən dünyəvi proseslər də toy ənənələrinin dəyişməsinə təsir göstərir.
“Digər bir tərəfdən də, bu, milli mentallıqdan uzaqlaşma, qloballaşmanın təsiri ilə dünyəvi proseslərin gedişatı ilə birbaşa bağlanan bir məsələdir. Bu, artıq illərdir müzakirə olunur və müzakirələrdə son nəticədə bu dəyişiklik, bu tendensiyanın müəyyən mənada getməsi ilə belə, məsələnin tam olaraq qarşısı alınmır”, – sosioloq vurğulayıb.
Ekspertin fikrincə, cəmiyyətdə milli dəyərlərdən, prinsiplərdən və normalardan uzaqlaşma arzuolunan proses deyil.
O qeyd edib ki, müasir dövrdə bu tendensiya yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də müşahidə olunur: “Dəyərlərdən, prinsiplərdən, normalardan uzaqlaşma ümumiyyətlə bir cəmiyyət üçün çox da arzuolunan və xoşagələn hadisə deyildir. Əks arqument olaraq belə də söyləyə bilərlər ki, bütün dünyada bu baş verir. Hər bir ölkədə, məsələn, inkişaf etməkdə olan ölkələrdə də, ən zəngin, inkişaf etmiş Yaponiya da belə ailə dəyərləri, normaları, ailə adətləri ilə bağlı münasibətlərdə mühafizəkarlığı modernizm üstələyir”.
Sosioloq xüsusilə dəbdəbəli toylarla belə mərasim keçirməyə maddi imkanı olmayan ailələr arasındakı fərqin cəmiyyətdə sosial-iqtisadi təbəqələşməni daha qabarıq göstərdiyini düşünür: “Amma bu, istənilən halda, müəyyən şəxslərin daha çox dəbdəbəli toyları ilə, digər bir qismin isə ümumiyyətlə hətta 2-3 saatlıq bir mərasim keçirməyə belə imkanı olmaması, yəni kəskin təbəqələşmə və cəmiyyətdə o sosial-iqtisadi stratifikasiyanı, yəni bir anlamda cəmiyyətin sosial-iqtisadi strukturunun dəyişməsi ilə bağlı olan bir məsələdir”.
Onun sözlərinə görə, orta və aşağı təbəqənin toy mərasimlərinə münasibəti və bu mərasimlər üçün çəkilən xərclər də fərqlənir. Ekspert hesab edir ki, bəzi ailələr maddi imkanları məhdud olsa belə, toy xərclərini qarşılamaq üçün borca girməyə məcbur olurlar.
Nail Niftəliyev hesab edir ki, toyların keçirilmə müddəti və formatı dəyişsə də, mərasimlərə çəkilən xərclərin azalması müşahidə olunmur. Əksinə, bəzi hallarda daha qısa müddətli toylar üçün belə böyük vəsaitlər xərclənir: “Amma toylara olan münasibət, toylarda xüsusən diskotekaların, müxtəlif əyləncələrin yer alması artıq bir adətə çevrilir və ənənəvi olaraq, deyək ki, mentalitetdə qeyd edilən toyların sayı barmaqla sayılacaq qədərdir, demək olar ki, yox səviyyəsindədir. Müddət azalır, amma çəkilən xərclər fəal şəkildə çoxalır. Bu, öz-özlüyündə ziddiyyətli bir təmayüldür. İnsanlar bir tərəfdən vaxta qənaət edirlər, amma büdcəyə qənaət etməyi unudurlar”.
Sosioloqun fikrincə, ailələrin toy xərclərini qarşılamaq üçün borca girməsi də problemin həllinə çevrilmir.
O bildirir ki, insanların maddi vəziyyəti əmək bazarında və iqtisadiyyatda baş verən dəyişikliklərdən birbaşa asılıdır: “Hətta borca girmək belə bu xərcləri qarşılamağa kifayət etmir. Çünki çox vaxt insanların maddi imkanı, durumu da fərqli iqtisadi situasiya ilə bağlıdır. İnsanların, düzdür, müəyyən bir rifah göstəriciləri var, amma davamlı olaraq bir rəqabət də var. Yəni sabitlik yoxdur, davamlı olaraq qiymətlər dəyişir, davamlı olaraq müəyyən maaşlar artıb-azalır, müəyyən ixtisarlar, yeni şeylər olur”.
Ekspert hesab edir ki, bu məsələdə dövlətin sosial tənzimləmə və müdaxilə imkanlarından da istifadə etmək mümkündür.
Onun sözlərinə görə, toy mərasimlərinin daha sadə keçirilməsini təşviq edən yanaşmalar formalaşdırılmalı, eyni zamanda milli dəyərlərin qorunması istiqamətində maarifləndirmə aparılmalıdır: “İstənilən halda dövlətin, təbii ki, sosial tənzimlənməsi, sosial müdaxiləsi önəmli və vacibdir. Bir tərəfdən burada müəyyən toy qaydaları sadələşdirilməlidir, yəni mental baxımdan belə dəyərlər, prinsiplər təbliğ olunmalıdır və milli toyların müəyyən bir sosial reqlamentini müəyyənləşdirmək lazımdır ki, insanlar dəyərlərin təbliğini və qorunub saxlanılmasını unutmasınlar, yaddan çıxarmasınlar”.
Sosioloq vurğulayır ki, milli dəyərlərin zəifləməsi yalnız toy mərasimləri ilə bağlı məsələ deyil, daha geniş sosial nəticələr doğura bilər. Onun fikrincə, bu baxımdan milli maraqlar, milli və sosial təhlükəsizlik məsələləri də aktuallaşır.
Nail Niftəliyev hesab edir ki, müasirlik və yeniliklərə açıq olmaq milli dəyərlərin tamamilə kənara qoyulması anlamına gəlməməlidir. Onun sözlərinə görə, cəmiyyətdə yayılan yeni tendensiyalar milli maraqlara və insanların ümumi rifahına xidmət etməlidir.


























