image-1backend

Azərbaycanın MMA döyüşçüləri Əbu-Dabidəki dünya çempionatında medallar qazanıblar

image-reklam_sirab_01

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə IMMAF (International Mixed Martial Arts Federation) tərəfindən təşkil olunan yeniyetmələr arasında qarışıq təkbətək döyüş növü – MMA üzrə dünya çempionatı keçirilib.

Vətəninfo.az-ın  məlumatına görə, turnirdə 54 ölkədən 900-dən çox idmançı mübarizə aparıb.

Dünya birinciliyində ölkəmizi 21 idmançı, 7 beynəlxalq lisenziyalı məşqçi və 2 beynəlxalq dərəcəli hakim təmsil edib.

Azərbaycan komandasının heyətində Kənan Quluzadə (12-13 yaş kateqoriyası, 37 kq), Esmira Bayramova (12-13 yaş kateqoriyası, 57 kq) və Cəfərsadiq Mirzəyev (16-17 yaş kateqoriyası, 61,2 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Ayan Sonayeva (12-13 yaş kateqoriyası, 52 kq) yalnız finalda uduzmaqla yarışı gümüş medalla başa vurub.

Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənov qurumun rəsmi saytına açıqlamasında komandanın nəticəsini müsbət qiymətləndirib: “Artıq 15 ildir qarışıq təkbətək döyüş növləri üzrə MMA-nın inkişafı istiqamətinə müxtəlif səmərəli işlər görülür. İllər öncə məhz bizim federasiyanın dəstəyi ilə Bakıda MMA üzrə ilk dəfə Avropa çempionatı və Dünya Kuboku keçirilib. Əbu-Dabidə dünya birinciliyində 4 medal qazanmaqla düzgün yolda olduğumuz təsdiqləndi. Bildirmək istəyirəm ki, yarışda yüksək rəqabət olduğundan əksər ölkələr medalsız qaldı. Komandamızda mükafat qazanan uşaqlar yeniyetmə kateqoriyasında uğur əldə etməklə gələcəkdə gənclərdə də mübarizə aparmağa hazır olduqlarını göstərdilər. Qarşıda bizi böyüklərdən ibarət komandamızın noyabrda Özbəkistanda iştirak edəcəyi dünya çempionatı gözləyir. Bu yarışlarda da idmançıların uğurlu çıxış edəcəyinə ümid edirik”.

Xatırladaq ki, IMMAF dünyanın ən nüfuzlu MMA təşkilatlarından biridir. Azərbaycanda İMMAF yalnız Azərbaycan MMA Federasiyasını rəsmi mümayəndəsi kimi tanıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image