image-reklam-veteninfo
image-1backend

Buxarestdə böyük döyüş: “Hapoel”in sirri açıldı – “Bu cütdə başı güclü olan qalib gələcək”  

image-reklam-veteninfo

Avropanın klub futbolunda ən nüfuzlu turnirlərdən sayılan UEFA Çempionlar Liqasında pley-off mərhələsinin həyəcanı bu gecə bizim üçün pik həddə çatacaq. Belə ki, Azərbaycan futbolunun Avropadakı əsas təmsilçilərindən “Sabah” üçün bu mərhələ həm tarixi fürsət, həm də ciddi sınaq anlamına gəlir.

Bakı təmsilçisi bu gün Rumıniyanın paytaxtı Buxarestdə İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə üz-üzə gələcək. Valdas Dambrauskasın yetirmələri səfər meydanında sərfəli nəticə qazanaraq avqustun 25-də Bakıda keçiriləcək cavab qarşılaşmasına üstünlüklə çıxmağa çalışacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab oyunu ölkə futbolu üçün xüsusi əhəmiyyət daşıyacaq. Çünki bu dueldən qalib ayrılsaq, Azərbaycan futbolunu bütün dünya üçüncü dəfə (indiyə qədər “Qarabağ” iki dəfə qrup həyəcanı yaşadıb) Çempionlar Liqasının qruplarında izləyəcək.

Qeyd edək ki, “Hapoel” (Beer-Şeva, İsrail) – “Sabah” (Azərbaycan) oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Sabah”ın potensialı Buxarestdə “Hapoel” qarşısında hansı nəticəni əldə etməyə şans yaradır? Azərbaycan klubu Bakıya üstünlüklə qayıda biləcəkmi? Dambrauskasın komandası Çempionlar Liqasının Liqa mərhələsinə gedən yolda mühüm addım ata biləcəkmi?

Bütün bunlarla bağlı danışan futbol mütəxəssisi Kənan Məstəliyev “Hapoel”in “Sabah”dan güclü komanda olmadığını düşünür:

““Hapoel” nə “Barselona”, nə “Mançester Siti”, nə də PSJ-dir. İstəkləri böyükdür, amma imkanları həmişə buna çatmır. Onların xüsusi olaraq “Sabah”dan tam fərqli futbol bacarığı da yoxdur. Sadəcə çox ağıllı komandadır”.

Ekspertin sözlərinə görə, “Sabah”ın əsas üstünlüyü rəqibin müdafiədəki boşluqlarından istifadə etmək bacarığı ola bilər:

“Rəqib təzyiq altında mütləq bir yox, bir neçə səhvə yol verəcək. “Sabah” üçün real qol epizodları yaranacaq. Əsas məsələ həmin imkanlardan istifadə etməkdir. Bunun üçün düzgün köklənmə, diqqətli oyun və mübarizlik lazımdır”.

Məstəliyev həmçinin qeyd edib ki, “Hapoel” nəticədən asılı olmayaraq sona qədər mübarizə aparan komandadır:

“İstər səfər, istərsə də ev matçlarında təslim olmayacaqlar. Hər an cavab verməyə hazırdırlar. Səbrimizi daşırmağa, sona qədər sınamağa çalışacaqlar. Burada fiziki yox, psixoloji yorğunluq da mühüm rol oynayacaq. Bu cütdə ayaqları yox, başı güclü olan qalib gələcək. “Sabah” təmkinli oynamalı, lazımsız vərəqələrdən uzaq durmalı və bütün potensialını ortaya qoymalıdır. Çempionlar Liqasının Liqa mərhələsində oynamaq üçün buna dəyər. Belə qələbənin dadı da tamam başqa olacaq”.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki