image-reklam-veteninfo
image-1backend

Cəmi 150 min əhalisi olan ölkə DÇ-yə gedir: Turizm, fahişəlik və qumar adasını tanıyın – FOTOLAR

image-reklam-veteninfo

Yəqin ki, Kurasao milli komandasının 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazandığından xəbərdarsınız. Uzaq Karib adası təmsilçisi olan yığma ilk dəfə mundialda iştirak edəcək. KONKAKAF zonasının seçmə mərhələsinin üçüncü raundunda komanda Yamayka ilə 0:0 hesablı heç-heçədən sonra mundiala vəsiqəni rəsmiləşdirib. Yığma B qrupunu 12 xalla lider tamamlayıb.

Onlar eyni zamanda rekorda imza atıblar. Kurasao dünya çempionatları tarixində əhalisi ən az olan ölkə kimi (150 000 nəfər) turnirdə iştirak edəcək. Onlar Azərbaycan millisinin seçmə mərhələdə hər iki görüşdə məğlub olduğu (0:5, 0:2), 400 min əhalisi olan İslandiyanın rekordunu yeniləyiblər.

Düzdür, Kurasaonun bu uğurunda turnirin iştirakçı sayının 32-dən 48-ə artırılması böyük rol oynayıb. Bunu inkar etmək çətindir. Əvvəllər Şimali və Mərkəzi Amerika, Karib hövzəsi və Surinamı birləşdirən KONKAKAF-dan mundiala ABŞ, Meksika və daha 1–2 komanda vəsiqə qazanırdısa, indi birbaşa 6 yer ayrılıb. Pley-off nəticəsində isə say 8-ə də çata bilər. Amma belə şəraitdə də Kurasaonun nəticələri sensasiya hesab olunur. Çünki Mərkəzi Amerikada kifayət qədər güclü komandalar var. Bunlardan Trinidad və Tobaqo, Kosta-Rika, Panama, Honduras və Yamaykanın adını çəkmək kifayətdir.

Kurasaonun bu uğurunda ən böyük pay sahibi Dik Advokaat oldu. Tanınmış niderlandlı mütəxəssis təqaüdə çıxmaq qərarına gəlsə də, yerli federasiya onun fikrini dəyişə bildi. Nəticədə Advokaat mundiala ekzotik komanda yolladı. Lakin özü DÇ-2026-nı kənardan izləyəcək. Buna səbəb isə həlledici matçdan 3 gün əvvəl ailəvi səbəblərdən postundan istefa verməsidir. Son sözləri isə belə oldu:

“Bu qərarı ürək ağrısı ilə verməli oldum, amma ailə futboldan daha önəmlidir. Niderlandda olsam da, komanda və heyətlə daim təmasda olacağam. Bu futbolçulara tam güvənirəm”.

Yəqin ki, çox az adam xəritədə Kurasaonu göstərə bilər. Bəlkə də bəziləri belə bir ölkənin mövcudluğundan xəbərsizdir. Kurasao yalnız 2010-cu ildə müstəqil status alıb. Amma bu da şərti müstəqillikdir. Ada hələ də Niderland Krallığının tərkibinə daxildir, rəsmi dövlət başçısı isə Niderland kralı Villem-Aleksandır sayılır. Xarici siyasət və hərbi müdafiə Niderlandın öhdəsindədir, yerli hakimiyyət isə daxili idarəetmədə geniş muxtariyyətə malikdir. Bunu Farer adalarının Danimarka daxilindəki statusu ilə müqayisə etmək olar.

Dünyanın digər bölgələrində yaşayanlar üçün Kurasao adını ən çox eyniadlı likör tanıdır. Daha doğrusu, rənglərinə görə fərqlənən bir neçə növ likör. Bəziləri rəngsiz, qırmızı, narıncı, ağ, yaşıl olur, amma ən məşhuru mavi rəngli olanıdır. Dadları demək olar ki, eynidir. Əsas resept şərab spirtinə qurudulmuş acı portağal qabığı, muskat qozu, darçın və mixək əlavəsindən ibarətdir. Rəngi isə tamamilə dad­sız qida boyaları verir. Mavi likör barmenlər arasında çox populyardır. Çünki kokteyllərə qeyri-adi görüntü qatır.

Likör adını adadan götürüb. İlk ispaniyalı kolonistlər Kurasaoya portağal ağacları gətirərək adanı sitrus mərkəzinə çevirmək istəmişdi. Ağaclar uyğunlaşdı, amma meyvələr iqlimin və torpağın təsiri ilə acı və yararsız oldu. Plantatorlar isə qurudulmuş qabığı yerli içkilərin hazırlanmasında istifadə edib böyük uğur qazandılar. XIX əsrdə Niderlandın qədim içki şirkəti “Lucas Bols” bu reseptləri sənaye istehsalına uyğunlaşdırdı və nəticədə qlobal şəkildə məşhur oldu.

Maraqlı fakt odur ki, “Lucas Bols” “Advokaat” adlı məşhur likör də istehsal edir. Bu içki yumşaq sarı rənglidir, tərkibi yumurta sarısı, şəkər və kremdən ibarətdir. O, Braziliyada avokadodan hazırlanırdı və buna görə içkiyə portuqalca “abakate” deyilirdi. Niderlandlı istehsalçılar avokadonun əvəzinə yumurta sarısı qoyaraq resepti Avropaya uyğunlaşdırdı, adı isə daha rahat tələffüz olunan “Advokaat”a çevrildi. Beləliklə, Dik Advokaatın Kurasao ilə əməkdaşlığının müəyyən mənada əvvəlcədən yazıldığını deyə bilərik.

Kolonizasiya dövründən sonra Kurasao kifayət qədər firavan yer idi. İspanlar Kolumb dövründə adanı aşkar etsə də, qızıl tapılmadığı və böyük plantasiya üçün kifayət qədər içməli su olmadığı üçün çox maraqlanmadılar. Ada hətta hərbi qarnizona belə malik deyildi. Bu boşluğu hollandlar doldurdu.

Niderland həmin vaxt İspaniya ilə müstəqillik uğrunda mübarizə aparırdı və qarşıdurma Kariblərə də yayılmışdı. Güclənən Qərbi Niderland şirkəti bölgədə baza axtarırdı və ispanları böyük müqavimət olmadan adadan çıxartdı.

Onlar adanı duz istehsalı, Afrikadan gətirilən əsirlərin çeşidlənməsi və regiona paylanması üçün tranzit limanı, həmçinin Karib quldurlarının dayaq məntəqəsi kimi istifadə etdilər. Adada müxtəlif dövrlərdə sefard yəhudiləri, eləcə də Simon Bolivar tərəfdarları kimi qaçqınlar yerləşib.

XX əsrin əvvəlində Venesuela sahillərində zəngin neft yataqları tapıldı. “Royal Dutch Shell” Kurasaoda böyük neftayırma zavodu “İsla”nı tikdi. Səbəb Venesuelanın qeyri-sabit olması idi. Üstəlik, iri tankerlər üçün limanları yox idi. Kurasao isə həm təhlükəsiz, həm də dərin sulu limana sahib idi. Uzun illər adanın iqtisadiyyatı neft məhsullarının ixracına əsaslanırdı.

Turizm isə ikinci böyük gəlir mənbəyidir. Çimərliklər, riflər, otellər, habelə Kariblərdə nadir olan sabit hava şərtləri ABŞ, Niderland, Almaniya və Cənubi Amerikadan turistləri cəlb edir. Turistləri bura başqa bir şey də çəkirdi – böyük bordellər. 1920-ci illərdə neftayırma zavodunda çalışan minlərlə subay kişi səbəbilə adaya müxtəlif ölkələrdən seks işçiləri axışırdı. 1949-cu ildə hökumət “Le Mirage” adlı regional miqyaslı qanuni bordel açdı. Koronavirus pandemiyası zamanı ora bağlandı, lakin 2023-cü ildə hökumət tərəfindən yenidən alınaraq bərpa edildi.

Kurasaonun daha bir gəlirli sahəsi onlayn kazinolar və bukmeker şirkətləridir. 1993-cü ildə qəbul edilmiş qanun sayəsində ada onlayn qumar sənayesinin dünya mərkəzlərindən birinə çevrildi. Ucuz qeydiyyat, nəzarətin minimal olması və liberal vergi siyasəti həm qanuni, həm də kölgə şirkətlərini cəlb edirdi. Ekspertlərə görə, qeyri-leqal qumar saytlarının təxminən 40%-i Kurasao sublisenziyasına malikdir. Beynəlxalq təzyiqlərdən sonra qaydalar sərtləşdirilsə də, bu sahə hələ də çox böyükdür və yerli yığmanın uğurları üzərinə qoyulan mərclərin böyük hissəsi buradan keçir.

Bəs futbol? Uzun illər Kurasaoda əsas idman futbol yox, beysbol idi. Bununla belə, 2010-cu ilə qədər Niderland Antil adalarının yığması adı ilə çıxış edən komanda 1958-ci ildən mundial seçmələrinə qatılırdı. 952-ci ildə Helsinki Olimpiadasında da bir oyun keçirmişdilər – Türkiyəyə 1:2 məğlub olsalar da, bu, böyük uğur sayılmışdı. Yığmanın qapıçısı, “Qara pantera” ləqəbli Erqilio Hato xalq qəhrəmanına çevrilmişdi. Deyilənə görə, “Ayaks”, “Feyenoord” və hətta “Real” da onu istəyib, amma o, pilot işlədiyi üçün peşəsini dəyişmək istəməmişdi. Bu gün milli stadion onun adını daşıyır.

2015-ci ildə 39 yaşlı Patrik Klyuvertin baş məşqçi təyin olunması ilə ölkədə futbola böyük maraq yarandı. Onun anası Kurasaoda doğulmuşdu. O, iddialı şəkildə DÇ-2018-ə vəsiqə qazanmaq hədəfini elan etdi və tam yeni seçim siyasəti başladı. Yerli həvəskarlar əvəzinə Niderlandda yetişmiş, lakin Karib kökləri olan peşəkar futbolçular yığmaya dəvət olundu.

Klyuvert dövründə Eloy Rom, Leandro Bakuna və Felitsiano Zşusşen kimi futbolçular heyətə qatıldı. DÇ-yə düşməsələr də, ciddi irəliləyiş oldu. 2017-ci ildə yığma tarixində ilk dəfə Karib Kubokunu qazandı, 2019-cu ildə KONKAKAF Qızıl Kubokunun 1/4 finalına yüksəldi. Hazırda yığmada yalnız bir futbolçu Kurasaodandır – Tayt Çonq. Bir vaxtlar “Mançester Yunayted” akademiyasının ən parlaq istedadlarından biri sayılırdı, amma karyerası uğurlu olmadı. O, Kurasao üçün oynamağı “evə dönüş” adlandırır.

İndiki seçmə mərhələ Kurasao futbol tarixinin ən böyük şansı idi. Komanda evdə əsas rəqib Yamaykanı 2:0 məğlub edib və son tura lider kimi yollandı. Səfərdə Yamaykaya qarşı heç-heçə mundial biletini təmin edəcəkdi ki, onlar bunu bacardılar. Hətta məğlubiyyət olsaydı belə, ikinci yer təmin edilmişdi və bu da pley-off vasitəsilə mundial şansı demək idi. Lakin onlar maksimumum hədəfə nail oldular.

Heybət Məmmədov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki