image-thumbbackend

Deputat: “Ermənistanın sülh istiqamətində addımlardan yayınmasının ən azı 2 səbəbi var”

image-reklam_sirab_01

2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev önəmli məsələlərə toxundu.
Dövlət başçısının toxunduğu məsələlərdən biri də Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində

həyata keçirilən siyasət, Azərbaycanın sülh təşəbbüsləri, Ermənistanınq eyri-konstruktivliyi və üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməsi oldu. Müharibə 2 ilə yaxın vaxtdır bitsə də hələ də Ermənistan dəqiq mina xəritələrini Azərbaycana təhvil verməyib. İndiyədək azad olunmuş ərazilərimizdə Ermənistanın mina terroru davam edir. Bəs görəsən Ermənistan niyə minaların dəqiq xəritələrini vermir? Azərbaycan sülh təşəbbüslərinə Ermənistanın müsbət reaksiya verməməsi nə ilə əlaqədardır?

Bu və digər məsələlərlə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin minalanmış ərazilərlə uyğun gəlməməsi o qədər də təəccüblü deyil.

“Düşünürəm ki, işğal zamanında bu qədər minaları peşəkarlıqla basdırmaq və dəqiq xəritələrini tərtib etmək üçün Ermənistanın kifayət qədər mütəxəssisi və vaxtı ola bilməzdi. Çox güman ki, işğalçılar himayədarlarının köməyi ilə torpaqları işğal edəndən sonra onları əldən verməmək üçün dərhal mümkün olan bütün əraziləri minalayıblar. Bu proseslər üzərində ciddi mütəxəssis nəzarəti olmayıb. Ona görə də üzərindən 30 il keçdikdən sonra bu xəritələrin 100% düzgün olacağını da gözləmək olmazdı. O ki qaldı, beynəlxalq reaksiyaya, beynəlxalq institutlar üçün əsas məsələ münaqişənin başa çatması və mövcud olmamasıdır.

Qalan bütün məsələlər texniki xarakter daşıyır və həll olunandır. Beynəlxalq qurumlar və ayrı-ayrı dövlətlər tərəfindən ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana texniki-maliyyə dəstəkləri göstərilir. Yəni beynəlxalq reaksiya bu şəkildə özünü göstərir. Bizim ANAMA kimi bu sahədə kifayət qədər ixtisaslaşmış milli qurumumuz var. İnanıram ki, öz ərazilərimizi minalardan təmizləyib qurtarandan sonra, gələcəkdə ANAMA dünyanın müxtəlif bölgələrində də minatəmizləmə əməliyyatları aparacaq ən peşəkar təşkilatlardan biridir. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə minatəmizləmə işlərini də məhz ANAMA aparır”.

C.Feyziyev deyib ki, Ermənistanın sülh istiqamətində addımlardan yayınmasının ən azı 2 səbəbi var.

“Birincisi, ənənəvi erməni hiyləgərliyidir. Mənə elə gəlir ki, Ermənistan Rusiya ilə Ukrayna arasında davam edən müharibənin nəticələrindən asılı olaraq öz mövqeyinə düzəlişlər etməyə və mümkün olduğu təqdirdə 9 noyabr 2020-ci il Bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərdən qismən də olsa imtina etməyə ümid edir. Bu məqsədlə Ermənistan bəzi öhdəliklərin yerinə yetirilməsini ləngidir. Bu əlbəttə, boş xəyaldır, amma Ermənistanın siyasi rəhbərliyinin davranışından belə bir meylin olduğu sezilir.

Digər bir səbəb Ermənistanda daxili sabitliyin olmamasıdır. Paşinyan hökümətinin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması ilə bağlı səsləndirdiyi istənilən fikir müxalifət tərəfindən onun devrilməsi üçün istifadə olunur, kütləvi etirazlar təşkil olunur və bunun xəyanət olduğu iddia edilir. Digər tərəfdən, Ermənistan cəmiyyətinin böyük bir qismi qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasının birbaşa onların həyatına müsbət təsir edəcəyini anlayır və Paşinyan höküməti də cəmiyyətin məhz bu kəsiminə söykənərək müxalifətin qeyri-obyektiv təzyiqini neytrallaşdıra bilir. Amma hələlik bundan artığını etməyə cürəti çatmır”.

“Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması ilk növbədə hər iki ölkəyə sərbəst şəkildə inkişaf etmək imkanı vəd edir” – deyə, deputat əlavə edib:

“Sülh hər iki dövlətə öz müstəqilliyini möhkəmləndirmək, beynəlxalq əlaqələrini daha da şaxələndirmək, iqtisadiyyata daha çox xarici sərmayə cəlb etmək və nəhayət, ölkədə sosial rifahın yüksəldilməsinə nail olmaq üçün yeni imkanlar yarada bilər. Sülhün və təhlükəsizliyin etibarlı şəkildə təmin olunması bölgədə mövcud olan qlobal əhəmiyyətli nəqliyyat-kommunikasiya arteriyalarının funksionallığını artıracaq və bu hər iki ölkə üçün əlavə qazanclar gətirə bilər. Ən başlıcası isə hər iki ölkədə vətəndaşların sülh və əmin-amanlıq şəraitində yaşaması onların öz gələcək nəsilləri üçün arxayın olmasına əsas yaradır ki, bu da xüsusilə Ermənistanda on illər ərzində davam edən de-populyasiya proseslərinin qarşısını ala bilər.

Bütövlükdə baxdığımızda Ermənistanın sülhə daha çox ehtiyacı var. Çünki 30 il ərazində apardığı təcavüzkar siyasətin nəticəsi olaraq Ermənistan bütün sahələrdə dalana dirənib. İqtisadi göstəricilər qənaətbəxş deyil, sülhün olmadığı şəraitdə iqtisadi – sosial inkişaf perspektivləri sıfıra bərabərdir, xarici ianələr hesabına sosial problemlərin qismən həll olunması erməni xalqının gələcəyi üçün yaxşı heç nə vəd etmir, buna görə də son 30 il ərzində ölkədən emiqrasiya meylləri ildən-ilə artmaqda davam edib. Bütün bu neqativ meyllər Ermənistanı müstəqil siyasət yürütmək imkanından məhrum edib və onu xarici güc mərkəzlərinin vassalına çevirib. Ermənistandan fərqli olaraq Azərbaycan ərazisinin 20 faizi işğal olunmasına baxmayaraq 30 il ərzində daim müstəqil siyasət yeridib, öz iqtisadiyyatını digər post-sovet ölkələri müqayisədə ən yaxşı şəkildə inkişaf etdirə bilib, ordusunu gücləndirib, əhalinin sosial rifah səviyyəsini dəfələrlə yüksəltməyə nail olub, xaric sərmayələrin və bütövlükdə iqtisadi potensialın həcminə görə lider ölkəyə çevrilib. Bölgədə əldə olunacaq daimi sülh şəraiti bu nailiyyətlərin daha da artırılması üçün əlverişli şərait yaradacaq”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki