image-topbackend

Dünya futbol topu kimi yumrudur-Tahir Süleymanov YAZIR

image-reklam_sirab_01
Dünya futbol topu kimi yumrudur. İctimai-siyasi, yaşıl meydanlar… Hər biri qaydalara uyğun idarə olunur. Şifahi, rəsmi xəbərdarlıqlar, “sarı”lar… Futbolda “qırmızı” vərəqə, dünyada “qırmızı xətt”…
Futbolda top-klublar, dünyada nəhəng dövlətlər… Futbolun FİFA-sı, UEFA-sı, dünyanın BMT-si, Avropa Şurası… Futbolun “böyük 5-lik” ölkələri, dünyanın rəsmi “5-liyi”. İstənilən vaxt qaydalara baxmadan “qaydaları” diqtə edənlər…
Dünya arada futbol topu kimi köhnəlir, dərisini dəyişir, yenilənir… “5-lik” zaman-zaman 7-liyə/8-liyə, güclənən dövlətlərlə 20-liyə çevrilir. Futbolda da dünyanın nəhəng arenalarında ara-sıra “bürünc”, “gümüş” qazananlar olur…
Qaydalar mükəmməl deyil, nə futbolda, nə dünyada… Şablonluq futbolda qəbul edilmədiyi kimi, dünya çapında da “yazıya pozu yoxdur” anlayışı yoxdu, pozulur, güclülərin sərfəli “korrektə”lərinə məruz qalır.
Müasir futbol dəyişdiyi kimi dünyanın özü də dəyişir. İmperiyalar dağılır, zəifləyir…
Sürətli inkişaf, yeni texnologiyalar, maliyyə, qloballaşma, əhali artımı, ucuz işçi qüvvəsi rəqabəti, balansı artırır. Futbolda təbəqələşmə, güclülərə imtiyaz fonunda dünya yenidən bölünür…
Azərbaycanın dərdi böyükdür!
Coğrafi, geosiyasi məkan, təbii sərvətlər, böyük güclərin maraqları əsrlərdi başağrıya çevrilib.
Xalqın mətinliyi, mərdliyi, səbri, igidliyi, qalib ruhu, sınmaması dünya güclərini lərzəyə gətirir.
Bəxtimiz də gətirib, nə qədər obyektiv, subyektiv səbəblər olsa da, Azərbaycan futbol təsərrüfatı kimi idarə olunmur.!
Qarabağımız, bölgəmiz dünyada yeganə ərazilərdəndir ki, nəhənglərin maraqları böyük ölçüdə üst-üstə düşür. Vaxtaşırı maraqlar toqquşsa da, verilən “penalti”lər Azərbaycan üçün deyil, öz xeyirləri güdülür. Belə durumda çox az ölkə, xalq duruş gətirə bilər…
İraq, Suriya, Liviya, digər ölkələr viranə qoyulub, ən yaxşı halda sındırılıb. İndi də Ukrayna…
Azərbaycan Ukrayna deyil, dünyanın yarısı bizə görə birləşməyəcək, milyardlar ödəməyəcək, silah-sursat göndərməyəcək. Bir-iki dost, öz başları dərddə olan qardaşdan başqa heç kim Azərbaycanın yanında olmayacaq.Total futbol fəlsəfəsi kimi hamı üstümüzə şığıyır…
Ağırdır, dözülməzdir! Müdafiəmizi, əks-hücumlarımızı, mövqeyimizi özümüz qurmalıyıq. Futbol dili ilə desək, bütün komponentlərdə, fiziki, nəzəri, texniki, taktiki, ən önəmlisi, strateji, psixoloji güclü olmaq məcburiyyətindəyik. Komanda/ölkə/xalq bir olmalı, xətlərarası əlaqə sinxron çalışmalı, sona kimi mübarizə aparılmalıdır…
90 dəqiqənin 44 dəqiqəsi geridə qalıb. Böyük üstünlük qazanılıb, önə çıxılıb, rəqib/düşmən qapısına sıxılıb. Fasiləyə yaxınlaşılır… İkinci hissə, yekun nəticə qabaqdadır. Hələ artırılmış dəqiqələr, əlavə vaxt, ehtiyac duyulduqda 11-metrəlik zərbələr ola bilər. Qarşımızda hiyləgər, cığal, hər oyuna əl atan, hərtərəfli dəstəyi olan “komanda” durur.
Qələbələr asan başa gəlmir… Hər bir şəhidimiz xalqın sağlam genefondunu möhürləyir, gələcək nəsillərə ötürür. Nə qədər problemlər olsa da, yaradılsa da, süni maneələr, haqsızlıqlar yaşansa da, dünya hegemonları üstümüzə gəlsə də, düşmən riyakarlığı ilə üzləşsək də, haqsız “qırmızı”lar qarşısında “qırmızı xətləri” özümüz çəkirik. Dünən Qarabağ, Şuşa, bu gün Zəngəzur…
İnanılmaz təzyiqlər, diplomatik başaldatmalar, xarici düşmənlər, daxilə yerirdilmiş kəşfiyyat, illərdi məğlub psixologiyanın aşılanması, xalqın iradəsinin sındırılma cəhdləri… Bakıdan top çiləyə-çiləyə Parisə uzanan əllər, Fransadan Azərbaycana göndərilən mesajlar, BMT Təhlükəsizlik Şurasını ayağa qaldıranlar…
Milli ideologiya xalqın qanında, ruhundadır. Əsrlərdi “aşılanan” heç bir anti-təbliğat xalqı, milləti yolundan döndərə, azdıra bilməyib. Böyük milli saflıq, damarlarda axan qan yaddaşı xalqın özü tərəfindən təbii olaraq qorunub saxlanılıb. Fenomenal dəyərdir!
Dünyanın analitik güc mərkəzləri Azərbaycan xalqının fantastik qələbə ruhunu, Vətən uğrunda ölümün üstünə gülə-gülə getdiyini, qəhramanlarımızın igidlik zirvəsini araşdırır, istəmədən heyran qalır, gecə-gündüz əks-tədbirlər görməyə çalışırlar. Son aylar, günlər ölkəmizə qarşı yönələn informasiya müharibəsi, daxildə çaxnaşma, ruh düşkünlüyü yaratmaq cəhdləri çoxalmaqdadır…
Nə qədər müasir silah-sursat, diplomatik, faktiki uğurlarımız olsa da, bunun bir nömrəli səbəbi xalqın birliyi, inamı, igidlərimizin şücaətidir. 44-günlük haqq savaşında hamılıqla bir nöqtəyə vurulduğu kimi… Nə haqsızlıqlar olur olsun, bu ruh qorunub saxlanılmalıdır!
Azərbaycan nəhənglər qarşısında əyilmir. Meydanda tək qalsa da heç vaxt sınmayıb, düşmən kimi dünyaya yalvarmayıb, səbr göstərib, haqqını tələb edib, mübarizə aparıb, kimliyini itirməyib, unutmayıb. İgidlərimizin səngərlərdə düşmənlə, “Qarabağ” yaşıl meydanda düşmənpərəst rəqibə qarşı döyüşdüyü kimi…
Son illər bütün diplomatik cəhdlərə baxmayaraq müharibə yolu ilə torpaqlarını azad edən yeganə xalq, tək dövlət Azəbaycandır! Bu fenomenal dəyəri, birliyimizi şəhidlərimizin ruhu qarşısında qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürmək hər birimizin qan, yaddaş borcudur!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image