image-modernbackend

Məqsəd Azərbaycana təzyiqdir

image-reklam_sirab_01

Dünən Fransa Senatında ölkəmiz əleyhinə qətnamənin müzakirəsinə başlanılıb. Bu barədə bir neçə gün əvvəl yayılmış məlumatlar Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb. Hətta Fransadakı diasporumuzun üzvləri senatın binası qarşısında geniş etiraz aksiyası keçirərək, ölkəmizə qarşı ədalətli davranış tələb ediblər. Şübhəsiz, soydaşlarımızın belə tədbirləri davamlı olacaq. Bunun nə dərəcədə faydası var? Fransanın Azərbaycana qarşı qərəzini şərtləndirən hansı vacib amillər nəzərə alınmalıdır? Hansı mühüm məsələlərə diqqət yetirilməlidir? Bu kimi məqamlarla əlaqədar Milli Məclisin deputatı Cavanşir Feyziyevə müraciət etdik.

– Fransa parlamentində Cənubi Qafqazla bağlı dinləmələrin keçirilməsi və Azəbaycana qarşı qərəzli qətnamənin qəbul edilməsi gözlənilir. Sizcə, bunun bölgədəki vəziyyətə təsiri nədən ibarət olacaq?
– Fransa parlamentində bölgəmizlə bağlı müzakirələr açmaq və Azərbaycana qarşı qərəzli qətnamə qəbul etdirmək təşəbbüsü Fransa hökumətinin ölkəmizə qarşı növbəti təzyiq cəhdidir. Əvvəllər də belə cəhdlər olub və Fransa parlamentinin həm aşağı, həm də yuxarı palataları tərəfindən ölkəmizə qarşı qeyri-obyektiv və ədalətsiz qətnamələr qəbul olunub. Belə qətnamələr əslində təbliğat xarakteri daşıyır və nə Fransaya, nə də Ermənistana bir fayda gətirir. Fransanın parlament səviyyəsində erməni təbliğatı aparmaqla hansısa real nəticəyə nail olması və ya hansısa ciddi siyasi dividentlər əldə edəcəyini düşünmək sadəlövhlük olardı.
Belə bir təbliğat ən yaxşı halda, seçkilər zamanı erməni icmasının dəstəyinə ümid verir ki, bu da çox hallarda həlledici rol oynamır. Fransada sonuncu prezident seçkiləri ərəfəsində bir sıra namizədlərin öz seçki-təbliğat kampaniyalarını Ermənistana səfər etməklə başladığını müşahidə etdik. Amma seçkilərin nəticələri göstərdi ki, Fransa cəmiyyətinin çox böyük bir qismi üçün Ermənistan və erməni maraqları heç də prioritet hesab olunmur. Odur ki, həmin namizədlər prezident seçkilərində cəmi 1-2 % ətrafında səs toplaya bildilər. Deməli, erməni maraqlarına xidmət edən qərar və qətnamələr Fransa cəmiyyətinin maraqlarını ifadə etmir və müvafiq olaraq, bölgədəki mövcud vəziyyətə təsir etmək imkanına da malik deyil. Fransa – Azərbaycan münasibətləri baxımından bizim üçün maraqlı və vacib olan məqam da məhz bundan ibarətdir.
– Fransa–Azərbaycan münasibətlərində bizim maraqlarımızı nədə görürsünüz?
– Azərbaycan bütün Avropa dövlətləri və o cümlədən, Fransa ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. Bir şərtlə ki, hər iki tərəfin maraqları eyni dərəcədə təmin olunsun. Biz Fransa ilə bir çox istiqamətlərdə əməkdaşlıq edirik və kifayət qədər qarşılıqlı maraq kəsb edən birgə fəaliyyət sahələri mövcuddur. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda bu və ya digər şəkildə 400-dən çox Fransa şirkəti fəaliyyət göstərir və ölkələrimiz arasında diplomatik münasibətlərin mövcud olduğu son 30 il ərzində Fransada Azərbaycan diasporu kifayət qədər genişlənib.

Fransa BMT TŞ-nin daimi üzvüdür və Azərbaycan öz həqiqətlərini çatdırmaq və müdafiə etmək baxımından, Fransa ilə səmimi münasibətlərin qurulmasında maraqlıdır. Fransa parlamentinin ermənipərəst addımları isə bu əməkdaşlığa kölgə salır və eyni zamanda, Fransanın özünün də dövlət maraqlarına xidmət etmir. Ona görə də Fransa hökuməti bir tərəfdən, prezident Makronun timsalında parlamentin qərəzli qətnamə qəbul etməsini stimullaşdırsa da, digər tərəfdən Azərbaycanla bağlı işgüzar fəaliyyətində həmin qətnaməyə əsaslanmır və həmin qətnaməyə müvafiq heç bir addım atmır. Buradan belə bir qənaətə gəlmək mümkündür ki, bu kimi təşəbbüslər sadəcə, siyasi dialoq prosesində Azərbaycana təzyiq üsulundan başqa bir şey deyil. Azərbaycan diplomatiyası isə bu siqnalı adekvat şəkildə dəyərləndirməklə heç bir təzyiqə məhəl qoymadan öz siyasətini həyata keçirir. Fransa parlamentinin belə qətnamələri Fransa hökuməti tərəfindən Azərbaycana qarşı müvafiq praktiki addımlarla müşayiət olunarsa, o zaman Azərbaycan dövləti də adekvat cavab tədbirləri görməkdə ləngiməyəcək.

– Azərbaycan əleyhinə təbliğatın Fransaya heç bir fayda vermədiyini söylədiniz. Belə olan halda, Fransa prezidenti Makronu ölkəmizə qarşı təzyiq göstərməyə sövq edən nədir?

– Belə bir təşəbbüsün bir neçə səbəbini görürəm. Birincisi, ölkəmizə qarşı təzyiq siyasəti Fransa dövlətinin ermənilərə və ilk növbədə, Fransa ermənilərinə mənəvi dəstəyini ifadə etməsi ilə bağlıdır. Ermənistanın özünə heç bir fayda vəd etməyən belə mənəvi dəstək jestləri Fransa siyasətçiləri üçün davamlı olaraq erməni əsilli fransızların və xüsusilə də erməni lobbiçi təşkilatların siyasi və maliyyə dəstəyini əldə etməyə imkan yaradır. Fransa parlamentində erməni maraqlarını ifadə edən siyasətçilərin hamısı özlərinin seçki kampaniyaları zamanı Avropada şəbəkələnmiş erməni lobbi təşkilatlarından külli miqdarda maliyyə dəstəyi alır və əvəzində parlamentdə oturduqları müddət ərzində erməni maraqlarını siyasi gündəmdə saxlamağa məcbur olurlar. İkinci səbəb Fransanın özünün Avropada liderlik iddiası ilə bağlıdır.

30 ilə yaxın müddət ərzində ATƏT-in Minsk qrupunun həmsədri olmuş Fransa nə bu münaqişənin həllində, nə də Vətən müharibəsinin gedişində özünün liderlik rolunu təsdiq edə bildi. Bu faktın özü Fransanın liderlik iddiaları ilə bir araya sığmır. Üstəlik, Ermənistanla Azərbaycan arasında müharibənin dayandırılmasını və münaqişəyə son qoyulmasını özündə ehtiva edən 10 noyabr 2020-ci il tarixli Bəyannamədə Fransanın iştirakı və imzası olmadı. Fakt ondan ibarətdir ki, tək Rusiyanın iştirakı ilə bu müharibəyə və uzunömürlü münaqişəyə son qoyuldu. Bunu da Fransanın liderlik iddialarına ciddi zərbə və qlobal rəqabətdə böyük siyasi uğursuzluq hesab etmək olar. Hazırkı postmüharibə dönəmində Fransanın yenidən danışıqlar prosesinə qoşulmaq və hansısa şəkildə sülh danışıqlarına təsir nümayiş etdirmək cəhdləri də prezident Makronun bu uğursuzluğu ört-basdır etmək istəyindən irəli gəlir.

Rusiyanın Ukrayna cəbhəsində labüd məğlubiyyəti son iki yüz ildə Cənubi Qafqaz bölgəsində şəriksiz söz sahibi olmuş Rusiyanın rolunun əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər. Zənnimcə, Fransa bu boşluqdan yararlanmaqla bölgədə yeni nüfuz sahibi olmaq haqqında da düşünür. Digər bir tərəfdən, son illər ərzində kifayət qədər gərginləşmiş Fransa–Türkiyə münasibətləri fonunda Türkiyənin Cənubi Qafqaz bölgəsində rolunun sürətlə artması prezident Makronu narahat etməyə bilməz. Bütün bunlar prezident Makronu zədələnmiş “lider dövlət” obrazını bərpa etmək üçün təcili addımlar atmağa sövq edir. Ona görə də Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması üzrə aparılan danışıqlarda yer almaq, Azərbaycana qarşı müəyyən təzyiqlər nümayiş etdirməklə Ermənistana və dünya ermənilərinə Fransanın sədaqətini təsdiqləmək və bütün mümkün üsullarla Türkiyənin Cənubi Qafqazda artan rolunun qarşısını almaq Fransada bugünkü dövlət siyasətinin gündəliyini təşkil edir.

– Belə çıxır ki, Fransanın Cənubi Qafqazla bağlı siyasətində atdığı bütün addımlar müstəsna olaraq öz maraqlarına xidmət edir. Ermənistanda isə yanaşma çox fərqlidir. Onlar düşünürlər ki, Fransa Ermənistanın ən sadiq müttəfiqidir və onun tərəfindən atılan bütün addımlar Ermənistan maraqlarının qorunması uğrunda fədakarlıqdır. Burada bir yanlışlıq varmı?

– Ermənistan həmişə olduğu kimi, öz ehtimallarında yanılır. Şübhəsiz ki, Cənubi Qafqaz bölgəsində dövlət kimi mövcud olmasına görə Ermənistan Rusiyaya və Fransaya borcludur. Rusiya iki əsr əvvəl ermənilərin Cənubi Qafqazda məskunlaşdırılmasında, Fransa isə I Dünya müharibəsindən sonra dünyaya səpələnəmiş ermənilərin öz ölkəsində yerləşdirilməsində həlledici rol oynayıblar. Bunlar tarixi hadisələrdir. Ermənilərin bu tarixi hadisələrin arxasında Rusiyanın və Fransanın öz maraqlarının nədən ibarət olduğunu anlamadan çıxardığı istənilən nəticə yanlışdır. Bu baxımdan, son 200 il ərzində yerləşdiyi bölgədə ermənilərə ayrılan rolun mahiyyəti və ermənilərin oynadığı rola görə əldə etdiyi nəticələri müqayisə edəndə erməni siyasətçilərinin diletantlığına heyrətlənməyə bilmirsən.
Nəticə göz qabağındadır və onu ən parlaq şəkildə ermənilər özləri “soyqırımı” və “cəfakeş xalq” sözləri ilə ifadə edirlər. Əgər ermənilər bu bölgədə yaşadıqları bütün dövrlərdə “soyqırımına” və “sonsuz cəfalara” məruz qalıblarsa, bunu “müttəfiqlərinin” ermənilərə “mükafatı” hesab etmək daha düzgün olardı. Məhz müttəfiqlərinin apardığı siyasət nəticəsində ermənilər özlərinin iddia etdiyi uydurma soyqırımına və cəfalara məruz qalıblar. Bugünkü sözdə müstəqil Ermənistan özünün son iki əsrlik tarixini saf-çürük edib, yaşadığı bütün acıların qonşulardan deyil, məhz “müttəfiqlərindən” qaynaqlandığını asanlıqla dərk edə bilər. Bu həqiqətləri dərk etmədən ermənilər öz talelərini özləri həll etmək iqtidarında olmayacaqlar.“Xalq qəzeti”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image