2002-ci il istehsalı “Pianoçu” filmi ilə “Ən yaxşı kişi rolu” “Oskar”ını qazanan Edrien Brodi (Adrien Brody) yeni layihəsi üçün Türkiyəyə gəlib.
51 yaşlı “Hollivud” kino ulduzu İstanbulda çəkiləcək Türkiyə-Amerika birgə istehsalı olacaq “Qızımın dostu” (My Daughter’s Friend) filmində rol alacaq.
Rejissor Ocan Missaqi (Ojan Missaghi) olan “Qızımın dostu” filmində məşhur aktyor Edrien Brodi avstraliyalı aktrisa Nikki Uilanla (Nicky Whelan) oynayacaq.
Psixoloji triller filminin aktyor heyətinə Amerikadan Laneya Qreys (Laneya Grace), Şima Rayan (Shima Ryan) və türkiyəli aktrisa Duyqu Mərcan da daxildir.
2025-ci ildə nümayişi planlaşdırılan film şöhrət və sərvət arzuları üçün hər şeyi riskə atan gənc model Lolanın hekayəsindən bəhs edir.
2024-cü ilin oktyabrında başlayacaq filmin çəkilişləri İstanbulun Qalata qülləsi, Yerəbatan sarnıcı, Topqapı sarayı və Qapalı çarşı kimi tarixi yerlərində olacaq.