“Rahil Avropa səviyyəsində əla oyunçudur”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Polşanın LKS klubunun baş məşqçisi Pyotr Stokovets yenicə transfer etdikləri Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov barədə danışarkən deyib.
Polşalı mütəxəssis 29 yaşlı müdafiəçinin sürətli və aqressiv oyunçu olduğunu söyləyib:
“Oyunu yaxşı oxuyur. O, müasir müdafiəçiyə xas olan bütün keyfiyyətlərə malikdir”.
52 yaşlı çalışdırıcı bildirib ki, komandasına məhz R.Məmmədov kimi müdafiəçi lazım idi:
“Şadam ki, o, bizə qoşulub və komandamızın keyfiyyətini artırıb. Rahilin necə çalışdığını, işə münasibətini və məsuliyyətini görürəm. Bütün bunlar olduqca ümidvericidir”.
Qeyd edək ki, Rahil Məmmədov LKS klubu ilə 1,5 illik müqavilə imzalayıb. “Neftçi”nin yetirməsi olan futbolçu son olaraq “Qarabağ”ın formasını geyinib.