Braziliya milli komandasının dünya çempionları Ronaldo və Roberto Karlos Braziliya çempionatının üçüncü divizionunda çıxış edən “İnternasional Limeira” klubunu almağı planlaşdırırlar.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Marca” qəzeti Roberto Karlosa istinadla məlumat yayıb.
“Ronaldo və üç digər tərəfdaşımızla birlikdə “Internasional Limeira”nı alırıq. Əyalət klublarını daha yaxşı tanımaq niyyətindəyəm ki, onlara sponsor tapmağa və regional futbolu bizim dövrümüzdəki səviyyəyə qaldırmağa kömək edim”, – Roberto Karlos bildirib.
Qeyd edək ki, 53 yaşlı Roberto Karlos Braziliya millisi ilə 2002-ci il Dünya Kubokunu qazanıb və iki dəfə Amerika Kubokunun qalibidir. Klub karyerası ərzində o, “Real Madrid”lə üç dəfə Çempionlar Liqasını, dörd dəfə İspaniya liqasını və çoxsaylı digər kubokları qazanıb.
49 yaşlı Ronaldo isə iki dəfə Dünya Kubokunun qalibi və iki dəfə “Qızıl Top” mükafatının sahibidir. 2018-ci ildən 2025-ci ilə qədər o, “Real Valyadolid”in nəzarət səhmlərinə sahib olub.


























