24 illik fasilədən sonra yenidən dünya çempionatına vəsiqə qazanan Türkiyə milli futbol komandası bu dəfə turnirdə sürpriz etməyə hazırlaşır. Komanda Avropa zonası pley-off mərhələsində Kosova səfərində minimal hesablı qələbə qazanaraq mundiala çıxışı rəsmiləşdirib. Görüşün taleyini 53-cü dəqiqədə vurulan qolla Kerem Aktürkoğlu həll edib.
Baş məşqçi Vincenzo Montella rəhbərliyində olan kollektiv bu yay ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi mundialda 48 komanda arasında yer alacaq.
Türkiyə D qrupunda Avstraliya, Paraqvay və ABŞ ilə mübarizə aparacaq. Komandanın bütün oyunları saat fərqinə görə Bakı vaxtı ilə səhər saatlarında keçiriləcək:
14 iyun, 08:00
Avstraliya – Türkiyə (Vankuver, Kanada)
20 iyun, 08:00
Türkiyə – Paraqvay (Santa Klara, ABŞ)
26 iyun, 06:00
Türkiyə – ABŞ (İnqlvud, ABŞ)
Analizlərə görə, Türkiyə yığmasının qrup mərhələsini 1 qələbə və 2 heç-heçə ilə başa vuraraq 5 xal toplaması və ikinci yerlə növbəti mərhələyə yüksəlməsi ehtimalı yüksəkdir. Ümumilikdə qrupdan çıxma şansı təxminən 76% olaraq qiymətləndirilir.
Qrupda mümkün mövqelər üzrə ehtimallar belədir:
– Lider: 24%
– İkinci yer: 33%
– Üçüncü yer: 29%
– Sonuncu: 14%
2026-cı il FIFA Dünya Çempionatında Türkiyə millisi D qrupunda yer alır. Əgər komandamız qrupu birinci (1-ci) sırada tamamlayarsa, 1/16 final mərhələsində B, E, F, I və ya J qruplarından birinin ən yaxşı üçüncü yerini tutan komandası ilə qarşılaşacaq.
FIFA-nın təsdiqlədiyi püşkatma və turnir mötərizəsinə əsasən ehtimal olunan rəqiblər aşağıdakı kimidir:
-B qrupu: İsveçrə, Qətər və ya Bosniya və Herseqovina.
-E qrupu: Ekvador, Kot-d’İvuar və ya Kürasao.
-F qrupu: Yaponiya, Tunis və ya İsveç.
-I qrupu: Seneqal, Norveç və ya İraq.
-J qrupu: Avstriya, Əlcəzair və ya İordaniya
Əgər Türkiyə qrupu ikinci sırada tamamlayarsa, növbəti mərhələdə ən güclü ehtimal olunan rəqib Argentina olacaq.
Uzun fasilədən sonra mundiala qayıdan Türkiyə yığması üçün əsas üstünlük motivasiya və komanda ruhu hesab olunur. Əgər Montella komandası qrup mərhələsini uğurla keçərsə, turnirin sürpriz kollektivlərindən birinə çevrilə bilər.


























