image-photo-2021-11-03-14-07-34backend

Münaqişənin güc yolu ilə həllini qaçılmaz etmiş 30 il davam edən beynəlxalq riyakarlıq

image-reklam_sirab_01

Kökləri uzun dövrə dayanan Qarabağ problemi, nəticə etibarilə, 1991-1993-cü illərdə tərəflər arasındakı şiddətli müharibəni qaçınılmaz etdi və 1994-cü ildə ümummilli lider H.Əliyevin təşəbbüsü ilə, atəşkəs elan olundu. Lakin atəşkəsə qədər bu müharibənin beynəlxalq arenadakı vəziyyətinə diqqət yetirmək yerində olardı. Hələ müharibə zamanı bir çox ölkələr tərəfləri sülhə səsləmişlər. Bu məqsədlə. Azərbaycan Respublikası 1992-ci il yanvarın 30 Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM – indiki ATƏT) üzvü oldu. Həmin il iyulun 8-10-da ATƏM-in Helsinkidə keçirilən Zirvə toplantısında onun sənədləri imzalandı. Bundan sonar Dağlıq Qarabağ münaqişəsi üzv dövlətlərin daha çox diqqət obyektinə çevrildi və 1992-ci il martın 24-də keçirilən görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə edildi və münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək məqsədilə, ATƏM-in “Dağlıq Qarabağa dair sülh konfransının çağırılması” haqqında qərar qəbul edildi. Beləliklə, Minskdə keçiriləcək konfrans ABŞ, Rusiya, Fransa, Türkiyə, Almaniya, İtaliya, Çexiya, İsveç, Slovakiya, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilməsinə qərar verildi. Lakin Ermənistan tərəfinin 1992-ci ilin mayında Şuşa və Laçını işğal etməsi münaqişənin mahiyyətini dəyişdirdi və yeni siyasi problem yarandı. Bununla da sülh danışıqlarını öz üzərinə götürmüş Minsk konfransının keçirilməsi yolunda böyük bir əngəl yarandı. Qrupu çərçivəsində aparılan danışıqlarda tərəflər arasında ziddiyyətlərin hökm sürməsi və xüsusilə də, Ermənistanın qatı mövqe tutması yetməzmiş kimi, Minsk Qrupuna üzv olan nəhəng dövlətlər arasında konkret və yekun fikrin olmaması da  sülh prosesinin ləngiməsinə və eyni zamanda, münaqişənin sabit vəziyyətdə qalmasına gətirib çıxartdı. Beləliklə, yenicə müstəqillik qazanmış Azərbaycan 1994-cü ildə imzalanacaq atəşkəsə qədər müharibənin uduzan və itirən tərəfi olaraq qalırdı.

Qeyd etmək lazımdır ki, münaqişənin ilk zamanlarda beynəlxalq arenada o qədər də maraq doğurmamasının ən başlıca səbəbi təbii ki, yenicə süqut etmiş SSRİ-nin daha da dərindən çürüməsinə nail olmaq idi. Bu mənada münaqişənin “həlli yolunda” Rusiyanın mövqeyi daha çox diqqəti cəlb edirdi. Belə ki, böyük SSRİ-dən geriyə yalnız, indiki müasir Rusiya qalmışdı və o, tərəflər arasındakı münaqişədən öz nüfuzunu qaldırmaq məqsədi güdürdü. Belə olan halda, Rusiya sülh istiqamətindəki beynəlxalq təşəbbüsü öz əlinə almağa və işlərə yenidən qarışmağa cəhd edirdi. Hətta bu sferada Qərb-Rusiya soyuqluğu-anlaşmazlığı da illərlə davam edən bir problemə çevrilmişdi. Öz məqsədini həyata keçirməyə çalışan Rusiya dəfələrlə Azərbaycana təzyiqlər göstərir və öz “sülhməramlı qoşunlarını” bölgəyə yerləşdirməyə çalışırdı. Təbii ki, bu istəyinə nail ola bilmədi. Lakin sonralar meydana çıxan bəzi sənədli faktlar göstərirdi ki, Rusiya tərəfindən Ermənistana hələ müharibənin qızğın zamanlarında müasir silahlar verilmiş və Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsinə şərait yaradılmışdır. Ümumiyyətlə, “işğalçı tərəfi silahlandırma prosesinin” 30 ilə yaxın bir zaman ərzində davam etdirilməsi Minsk Qrupunun sülhü təmin etmə missiyasını öz üzərinə götürmüş üzvlərindən biri kimi Rusiyanın hansı mövqedə durduğunu aydın şəkildə bəyan edirdi.

Maraqlıdır ki, bu zaman kəsiyində – münaqişə ərzində Minsk Qrupunun həmsədrləri müxtəlif təklif və tövsiyyələr və hətta, beynəlxalq hüquq normalarına zidd olan və Azərbaycan üçün qəbul edilə bilməyəcək təkliflər irəli sürürdülər. Bu təkliflərdən xüsusilə, 1998-ci il noyabrın 9-da həmsədrlərin “ümumi dövlət” ideyasına əsaslanan təklifi diqqəti cəlb edirdi. Azərbaycan üçün tamamilə ziddiyət kəsb  edən bu təklifə qarşı H.Əliyev Minsk Qrupunun həmsədrləri olan dövlətlərin – ABŞ, Rusiya və Fransa dövlət başçılarına məktubla müraciət edərək “ümumi dövlət” ideyasının ATƏT-in prinsiplərinə uyğun olmadığını və sülh prosesinə zərər verdiyini  bildirmişdi. Eyni zamanda ABŞ, Fransa və Rusiya dövlət başçılarını münaqişənin həlli yolunda daha uğurlu və obyektiv addımlar atmağa səsləmişdi.

Münaqişənin həlli yolunda digər beynəlxalq addım isə BMT tərəfinfən atılmışdı. Bu təşkilat müharibənin zərərçəkmiş tərəfi, yəni Azərbaycan üçün 4 qətnamə qəbul etmişdi. Və dəfələrlə Ermənistanı bu qətnamələri yerinə yetirməyə səsləmiş, qətiyyətli addımlar atmamış, hər hansısa ciddi təzyiq göstərməmişdir, və bununla da, hər dəfəsində əliboş qalmışdır.

Azərbaycan isə hər zaman beynəlxalq hüquq norma və prinsiplərinə sadiqlik, böyük səbr və diplomatik şücaət nümayiş etdirmişdir. Hər zaman sülhə can atmış, Ermənistan tərəfinin hər cür çirkin təxribat və əməllərinə səbr və qətiyyətlə cavab vermişdir. Lakin 30 ilə yaxın bir zaman ərzində nə ATƏT-in Minsk Qrupunun təklifləri, nə BMT-nin Azərbaycanın xeyrinə olan qətnamələri, nə də digər “sülhə çağıranlar”  hər hansısa ciddi bir iş görə və müharibənin hərbi yolla həll olunmasını qarşısını ala bilmədilər. Nəticədə, müharibə qaçınılmaz oldu və Azərbaycan öz əzəli torpaqlarını öz qanı-canı bahasına azad etdi.

 

Bakı Dövlət Universiteti – Babayeva Xalidə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki