image-ubackend

Uzaqdakı çeşmə, ağ atın qara xalları-Nil Şamiloğlu hansı nisgildən danışır?

image-reklam_sirab_01

Onun ailəsi hələ 19-cu əsrdə Azərbaycandan Türkiyəyə köç edənlərdəndir. Ailəsinin yaşadığı keşməkeşli həyat yolunu, onların üzləşdiyi çətinlikləri böyüklərinin dilindən eşidib, yaddaşına həkk edib. Ailəsi vaxtilə minlərlə Azərbaycanlı kimi öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalanlardan olub. Həmsöhbətimiz Türkiyədə doğulan, Azərbaycan əsilli Nil xanım Şamiloğludur.

Nil xanımla söhbətimiz zamanı vaxtilə babalarının hansı səbəbdən Azərbaycandan getməsindən, üzləşdikləri çətinliklərdən danışdıq.

Soydaşımızın ailəsinin maraqlı, bir o qədər də niskilli, təsirli həyat hekayəsini təqdim edirik.

Nil Şamiloğlu 1964-cü ildə Türkiyənin Qars vilayətində doğulub. Yeddi uşaqlı ailələrində beş bacı, iki qardaş olublar. O, ailənin altıncı övladıdır. Orta məktəb təhsilini Qarsda tamamlayan müsahibimiz universitet təhsili üçün ölkənin paytaxtı Ankara şəhərinə yollanıb. Ankara Universitetinin Dil və Tarix- Coğrafiya Fakültəsi Coğrafiya bölməsini bitirən Nil xanım bundan sonra həmişəlik paytaxta yerləşir və sığorta sektorunda işləyir.

Onun sözlərinə görə, ata-anası qız övladlarının ali təhsil alması üçün hər cür fədakarlıq göstəriblər. Düşünür ki, bu məsələdə ailəsinin vaxtilə Azərbaycandan köç etməsi mühüm rol oynayıb. Bəs ailəni hansı səbəblər doğma yurddan uzaqlara getməyə vadar edib?

XlX əsrdən başlayaraq Azərbaycanın tarixində baş verən acınacaqlı hadisələr minlərlə Azərbaycan sakininin həyatında əbədi, sağalmaz izlər qoyub. 1828-ci ildə Qacar-İran imperiyası ilə Rusiya imperiyası arasında bağlanan müqavilədən sonra Azərbaycanın şimalı, eləcə də Qarabağ əraziləri Rusiya imperiyasının hakimiyyəti altına keçir. Bundan sonra Qarabağ xanlığının ərazilərinə başqa ölkələrdən ermənilərin köçürülməsinə başlanılır. Nəticədə bölgənin əsl sahibi olan Azərbaycan türklərinin dincliyi qaçır. Ermənilər yerli əhaliyə əziyyət verir, onları öz torpaqlarında sıxışdırırlar. Bununla da kifayətlənmir, yerləşdikləri ərazilərin yerli əhalidən təmizlənməsi prosesinə başlayırlar. Ermənilərdən ibarət quldur dəstələri xalqa əziyyət verir, doğma torpaqlarını tərk etməyə vadar edirdilər. Nil xanımın atasının ailəsi də 1860-cı illərdə ilkin adı Qarabulaq olan indiki Füzuli rayonundan köç edir. Ailə əvvəlcə Borçalı mahalının Dağ Arıxlı kəndinə gedir. Həmin kənddə çalışıb özlərinə yeni bir həyat qururlar. Lakin o zamanlar Qafqazda baş verən problemlər onlardan da yan keçmir. Çar Rusiyası müsəlman əhaliyə zülm edir, öz xalqından olmayan təəbələrini quldur dəstələrinin insafına buraxırdı. Borçalıda da rahatlıq qalmır. Nil xanımın ailəsi yurd yeri kimi seçdiyi Dağ Arıxlını da tərk etməyə məcbur qalır. Özlərindən sonra gələn nəsillərin rahat həyat sürməsi üçün məcburi şəkildə ikinci dəfə köç edirlər. Bu dəfə daha güvənli bir yerə-Türkiyənin Qars vilayətinə yerləşirlər.

Nil xanımın sözlərinə görə, atası Qarsda doğulsa da, öz doğma torpağı ilə bağlı xatirələri orada yaşamış biri kimi övladlarına çatdırıb.

“Atamın Azərbacanın xalq manhılarını, Aşıq Ələsgərin havalarını dinləyəndə ağladığının çox şahid olmuşam. Suyunu içə bilmədiyi, torpağına ayaq basa bilmədiyi ata yurdu üçün çox darıxırdı. Babası, valideyinləri atama miras olaraq həsrətini ötürmüşdülər. Atam ömründə heç bir zaman görmədiyi babalarının evini, evin yanındakı çeşməni, çeşmənin yanındakı daşları, hətta babasının Ayğır adını verdiyi atının quyruğundakı ağ xalı görmüş kimi nağıllamaqdan yorulmurdu”-deyir Nil xanım.

Soydaşımızın ailəsi o zaman Qarsa müvəqqəti olaraq gəldiklərini düşünür, Rusiyada problemlərin həllindən sonra Vətənə qayıtmağı planlayırmış. Lakin fələyin çarxı öz işini bu dəfə də görür. Ailə, 1917-ci ildə Rusiyada baş verən inqilabdan sonra geri qayıtmaq xəyallarını tamamilə unudur və həmişəlik olaraq Türkiyəyə yerləşir.

Ayrılıq qətiləşincə yurd həsrətinin üstünə qohum-qardaş, hətta həyat yoldaşı həsrəti də əlavə olunur. Ailənin doğma yurd həsrəti heç azalmır, ömürləri boyu davam edir.

 

Nil xanımın sözlərinə görə, Azərbaycan, Borçalı deyincə ağlına gələn ilk şey ata yurdu olur. Ailə öz övladlarını doğma yurddan miras gətirdikləri adət-ənənələrin təsiri altında böyüdür, tərbiyə edir.

Müsahibimiz deyir ki, uşaqların etdiyi balaca bir səhvə görə “Adətləri unutma” xəbərdarlığı gəlirdi: “Atam ailə böyüklərinin yanında övladını qucağına almazdı. Mən özüm də atamın yanında övladımı qucağıma almadım. Həm Türkiyə, həm doğma yurdun adət-ənənəsini bir yerdə yaşamaq, əməl etmək mənə heç bir çətinlik yaratmadı.

Təbii ki, zamanla dəyişən adətlər oldu, şərait belə gətirdi. Məsələn, məndən öncəkilərdə nəslin qorunması üçün qohum evliliyi çox idi. Bizim dövrümüzdə isə qohum evliliyi demək olar ki, yoxdur”.

Azərbaycana heç vaxt gəlməyən soydaşımız deyir ki, hər zaman ağlının bir köşəsində gəlməyi düşünür.

Qarabağın ermənilər tərəfindən 30 ilə yaxın işğal altında saxlanılması bizləri çox üzürdü, deyir. İkiqat üzlümələrinə səbəb də var idi.

Çünki 1860-cı illərdə ataları Gülsənəmlilər də doğma yurdlarını eyni səbəbən tərk etmişdilər. Bu hadisələri 1988-ci ildə xalqımızın təkrar yaşaması Nil xanım kimi doğma yurddan uzaqda yaşayan minlərlə soydaşımızı kədərləndirirdi.

“Yurdlarını, atalarının məzarını, xatirələrini geridə qoyaraq köçməyə məcbur edilən, soyqırıma məruz qalan xalqı görüb üzülməmək, o acını hiss etməmək mümkün deyildi”-deyə vurğulayan həmsöhbətimiz, 44 günlük Vətən Müharibəsindən sonra yaşadıqları sevinc hisslərini təkrar xatırlayır:“Doğma torpaqların düşməndən təmizlənməsini böyük çoşqu ilə qeyd etdik.

200 ildir xalqımızın doğma torpaqlarından gözü qorxudularaq çıxarılması, yox edilməsi siyasətinin, nəhayət sona çatacağını ümid edirəm. Mən “Bir millət, iki dövlət ” sözünün fövqündə özümü iki dövlətin də fərdi olaraq görürüəm”.

image-u image-u2 image-u3 image-u4 image-u5 image-u6 image-u7


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki