Mədəniyyəti, iqtisadiyyatı, tarixi zənginlikləri və təbii gözəllikləri ilə Türkiyənin və Göllər Bölgəsinin ən məşhur şəhərlərindən biri olan Isparta, gül və lavanda qoxuları ilə uzun müddətdir axtardığınız hüzuru tapmağınıza imkan yaradacaq.
Türkiyənin Gül Bağı olaraq bilinən Isparta, son illərdə şöhrətinə lavandanı da əlavə etdi. Isparta, bənövşəyi lavanda dənizini görməyə və bu gözəlliyin şəklini çəkməyə gələn minlərlə ziyarətçini böyük qonaqpərvərliklə qarşılayır.
Gül, lavanda və alma bağları ilə rəngarəng xəyal dünyası təqdim edən Ispartada hüzur və həyəcanı eyni anda yaşayacaqsınız.
Isparta gülü
100 ildən artıq Ispartada istehsal olunan gül dünyanın gül yağı ehtiyacının 60%-ni qarşılayır. Gönen rayonunun Güneykent Qəsəbəsi, Keçiborlu rayonunun Şenir qəsəbəsi və Eğirdir rayonunun Kılıç, Ardıçlı, Gülköy və ətraf kəndləri ilə Sorkuncak Kəndi; güllərin intensiv becərildiyi ərazilər arasındadır. Bu yerlərə gələn ziyarətçilər budaqlardan gül qopara, ənənəvi və müasir gül yağının hazırlanması proseslərinə baxa, güldən hazırlanmış kosmetika və qida məhsullarını əldə edə bilərlər.
Lavanda
Keçiborlu rayonunun Kuyucak kəndində yetişdirilən lavanda adını son illərdə eşitdirməyə başlayıb. Lavandadan əldə edilən yağ əsasən kosmetika sənayesində istifadə olunur. Digər lavanda məhsulları arasından lavanda suyunu, lavanda çayını, lavanda balını, lavanda sabununu və qurudulmuş lavandanı sadalamaq olar. İyun ayının ortalarında başlayan və iyul ayının ortalarına qədər davam edən çiçəkləmə dövründə bənövşəyi rəngə boyanmış bağlar Türkiyədən və xaricdən gələn fotoqrafların diqqətini çəkir. Bundan əlavə, avqustun ortalarında başlayan məhsul yığımı dövrünü də görməyə dəyər.
Kızıldağ Milli Parkı
Şarkikaraağaç rayonundan 5 km cənubda, 1840 metr yüksəklikdə yerləşən milli park mavi sidr meşələri ilə örtülüdür. Parkın cənubunda Beyşehir gölü yerləşir. Bol oksigenli təmiz havası olan park tənəffüs xəstəlikləri problemi yaşayan şəxslərin sevimli məkanına çevrilib.