2023-cü il oktyabrın 7-dən bu yana İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağında həlak olanların sayı 26637-yə çatıb.
Vətəninfo.az xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra İsrailin Qəzza zolağına 115 gündür davam edən hücumları ilə bağlı məlumat verib.
İsrail qüvvələrinin Qəzza zolağında son 24 saatda daha 215 fələstinlini öldürdüyünü, 300 fələstinlini də yaraladığını bildirən Kudra 7 oktyabrdan bu yana Qəzzada öldürülən fələstinlilərin sayının 26637, yaralıların sayının isə 65 387-yə yüksəldiyini qeyd edib.
Fələstin Səhiyyə Nazirliyinin sözçüsü dağıntılar altında və yol kənarında hələ də ölülərin olduğunu, lakin həkim briqadaları və mülki müdafiə əməkdaşlarının cəsədlərin olduğu bölgəyə gedə bilmədiyini vurğulayıb.
İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunisdəki Nasır xəstəxanası və Emel xəstəxanalarının ətrafındakı mövcudluğunu artırdığını bildirən Kudra mühasirə və dərman ilə tibbi ləvazimatların tükənməsi nəticəsində yaralıların xilas edilməsinin qeyri-mümkün olduğunu bildirib.


























