Venesuelada Bolivar ştatında qeyri-qanuni fəaliyyət göstərən mədənin çökməsi nəticəsində 15 nəfər ölüb, 11 nəfər yaralanıb.
Vətəninfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro bildirib.
Prezident qeyd edib ki, qanunsuz fəaliyyət göstərən Bulya Loka mədənində axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Bolivar ştatının qubernatoru Anxel Markanonun rəsmi məlumatlarına görə, qəzada 15 nəfər həlak olub, 11 nəfər yaralanıb.
Maduro əlavə edib ki, fevralın 20-də Anqostura bələdiyyəsində açıq mədəndə 100 m enində 30 m dərinlikdə torpaq çökməsi baş verib və həmin ərazidə iki helikopterin də cəlb olunduğu axtarış-xilasetmə işləri davam edir.
Anxel Markano prezidentə bildirib ki, faciə yerinə ilk gələn mer Xordi Asineqas ölənlərin çox olması ilə bağlı səhv bəyanatlar verib. Nəticədə KİV, o cümlədən CNN tərəfindən yalan məlumat yayılıb.
Maduro ölən və yaralanan mədənçilərin ailələrinə iqtisadi və sosial yardım göstəriləcəyini bildirib. Prezident həlak olanların yaxınlarına başsağlığı verib.