Hindistanın şimalındakı Cammu və Kəşmir federal ərazisinin Doda bölgəsində terrorçularla toqquşmada biri zabit də daxil olmaqla azı dörd hind əsgəri həlak olub. Vətəninfo.az-ın məlumatına görə , “The Wire” nəşri də bir polisin ölümü barədə məlumat yayıb.
Hindistan quru qüvvələrinin mətbuat xidməti bildirib ki, yaraqlıların axtarışı üçün ərazidə ordu və polisin birgə əməliyyatı keçirilir.
Terrorçularla toqquşma iyulun 15-i axşam saatlarında başlayıb. Silahlılar əsgərləri daşıyan yük maşınlarını avtomat silahlardan atəşə tutub və onlara qumbara atıblar.
İyunun 9-dan bəri Cammu bölgəsində 6 terror aktı həyata keçirilib, nəticədə 12 təhlükəsizlik qüvvələri əməkdaşı və 10 mülki şəxs həlak olub.
Kəşmir 1947-ci ildə Britaniya Hindistanı müstəqillik qazandıqdan və dini mənsubiyyətinə görə iki dövlətə bölündüyündən bəri Hindistan və Pakistan arasında mübahisə nöqtəsi olub. İndi Kəşmirdə dövlət sərhədi yoxdur. onun ərazisi nəzarət xətti ilə bölünür. Hindistan hissəsində isə ölkədən ayrılmanın tərəfdarı olan fəal qruplar var. Yeni Dehli qonşu Pakistanı ekstremistləri dəstəkləməkdə ittiham edir, İslamabad bu ittihamı rədd edir.


























