Fələstin Səhiyyə Nazirliyi işğal altındakı İordan çayının qərb sahilindəki Beytləhm şəhəri ətrafında İsrail əsgərlərinin hücumu nəticəsində bir fələstinli gəncin öldüyünü açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada deyilir: “İşğalçı dövlətin əsgərlərinin Beytləhm şəhəri ətrafında törətdiyi hücum nəticəsində 34 yaşlı Nizar Mahmud Hasasne şəhid olub”.
Şahidlərin məlumatına görə, İsrail əsgərləri fələstinliyə atəş açıb və yaralanandan sonra ilk yardım qruplarının müdaxiləsinə mane olub.
İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Tubas şəhərində və şəhərin cənubundakı Əl-Fəriya qaçqın düşərgəsində 3 fələstinlini öldürdüyü, 3 nəfəri də yaraladığı bildirilib.
2023-cü ilin 7 oktyabr tarixindən etibarən İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələri və işğalçı yəhudilərin hücumları nəticəsində həyatını itirən fələstinlilərin sayı 410-a yüksəldi.


























