image-1backend

Liderlər Ukraynaya 50 milyard avroluq yardım proqramını təsdiqləyiblər

image-reklam_sirab_01

Avropa İttifaqının (Aİ) sammitində Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramı təsdiq edilib.

Vətəninfo.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel deyib.

Aİ mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, 27 liderin hamısı təşkilatın büdcəsi çərçivəsində Ukraynaya dəstək üçün əlavə 50 milyard avro ayrılması barədə razılığa gəliblər: “Bu, Ukrayna üçün sabit, uzunmüddətli və proqnozlaşdırıla bilən maliyyələşdirməni təmin edəcək. Aİ Ukraynanı dəstəkləməkdə lider olaraq qalır”.

Digər tərəfdən, Aİ Şurasının sədri Şarl Mişel sosial media hesabından verdiyi açıqlamada Macarıstanın Baş naziri Viktor Orban ilə danışıqların son ana qədər davam etdiyini bildirib.

Qeyd edək ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen, 13 dekabr 2023-cü ildə Avropa Parlamentindəki çıxışında “Ukraynanın bizim siyasi dəstəyimizə, eləcə də davamlı maliyyə dəstəyimizə ehtiyacı var. 2020-ci ildə hazırkı büdcə təsdiqlənəndə “Heç kim Avropa torpaqlarında hərtərəfli müharibə olacağını qabaqcadan görə bilməzdi”” deyib.

Macarıstan isə Avropa İttifaqının büdcəsinin üzv ölkələrə dəstək verməli olduğunu, Ukraynada ciddi korrupsiyanın olduğunu, Qərbin müharibədə təklif etdiyi dəstəyin nəticə vermədiyini əsas gətirərək Ukraynaya maliyyə yardımı edilməsinə etiraz edirdi.

Aİ keçən il müəyyən etdiyi, lakin nail ola bilmədiyi “Ukraynaya 2024-cü ilin martına qədər 1 milyon artilleriya mərmisi vermək” hədəfini “2024-cü ilin sonuna qədər 1,3 milyon” olaraq yenidən nəzərdən keçirib.

Bundan əlavə, Aİ ilin sonuna qədər hazırladığı ukraynalı əsgərlərin sayını 40 minə çatdırmağı hədəflədiyini açıqlayıb.

Sammitdə liderlər yeni hədəf çərçivəsində planlar ətrafında fikir mübadiləsi keçirirlər.

Sammitdə həmçinin İsrail-Fələstin və Qırmızı dənizdəki vəziyyət kontekstində Orta Şərqdə baş verən proseslər də müzakirə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki