NATO Ukraynadakı hərbi mövcudluğunu müzakirə etmir. Vətəninfo.az xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq aprelin 3-də Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
“Bugünkü görüşümüzdə gələcəkdə yardımlarımızı daha möhkəm təməl üzərində necə quracağımızı müzakirə etdik. Bütün müttəfiqlər razılaşdılar ki, biz NATO-nun rolunun gücləndirilməsinin planlaşdırılmasında və təhlükəsizlik yardımının koordinasiyasında irəliləməliyik. Ukraynaya çoxillik dəstək proqramının müzakirəsi alyansın onun ərazisində hərbi mövcudluğunu nəzərdə tutmur. Biz NATO-nun Ukraynadakı hərbi mövcudluğunu müzakirə etmirik, biz bu ölkəyə xarici yardımı necə əlaqələndirə və çatdıra bilərik. NATO Ukraynada davam edən münaqişənin iştirakçısı deyil və heç vaxt da olmayacaq”, – Stoltenberq bildirib.
NATO ölkələrinin xarici işlər nazirləri aprelin 3-də Brüsseldə keçirilən görüşdə alyansın Ukraynaya yardım göstərməkdə rolunun gücləndirilməsi ideyasının öyrənilməsini davam etdirmək barədə razılığa gəliblər.
Stoltenberq onu da qeyd edib ki, hazırda Kiyevə verilən hərbi yardımın 99%-ni NATO maliyyələşdirir. O, hesab edir ki, alyans Ukraynaya uzunmüddətli perspektivdə etibarlı və proqnozlaşdırıla bilən dəstəyi təmin etməklə öz dəstəyinin dinamikasını dəyişməlidir.