Noyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan “Ermənistan Respublikası Silahlı Qüvvələrinin 2023-2027-ci illər üçün inkişaf planı”nın müzakirəsinə həsr olunmuş müşavirədə Azərbaycana qarşı ittihamlar səsləndirib.

Əsasən o, Azərbaycanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamə çərşivəsində öhdəliklərini “yerinə yetirmədiyini” bildirib.

Paşinyanın sözlərinə görə, Azərbaycan “Dağlıq Qarabağ ermənilərinin nümayəndələrilə beynəlxalq ictimaiyyət üçün görünən dialoqa başlamaqdan ötrü addımlar atmayıb”, halbuki, üçtərəfli bəyanatda belə bir bənd olmayıb.

Ermənistanın baş naziri deyib ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında heç bir nəqliyyat marşrutu nəzərdə tutulmayıb və buna görə də Bakı Yerevanın təklif etdiyi variantlarla kifayətlənməlidir. Özü də etiraf edib ki, 2021-ci il dekabrın 14-də Brüsseldə Şarl Mişelin iştirakı ilə Ermənistan və Azərbaycan liderləri “Yerasx-Ordubad-Mehri-Horadiz” dəmir yolu əlaqəsinin bərpasına başlanması barədə razılığa gəliblər.

Paşinyan Rusiya sülhməramlılarının Qarabağda olması ilə bağlı razılaşmaları da özünəməxsus şəkildə şərh edərək, onların regionda qalmasının “müddətsiz” olduğunu bildirib.

Ümumilikdə, Paşinyanın bugünkü bəyanatlarından və aqressiv ritorikasından belə çıxır ki, Ermənistan bütün erməni hərbi qüvvələrin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması, Naxçıvana dəhliz açılması, ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı Bakı ilə sülh müqaviləsinin imzalanması üzrə öhdəlikləri yerinə yetirmək niyyətində deyil.

Görünür, Ermənistan öz xarici himayədarlarının dəstəyinə arxalanaraq, hərbi revansa hazırlıq planları ilə qəsdən sülh prosesini pozmağa can atır.