Türkiyədə cari ilin ilk yarısında 17 min 343 zəlzələ baş verib.
Bu barədə Qazi Universitetinin təbii fəlakətlərin idarəolunması üzrə mütəxəssisi, Dos. Dr. Bülent Özmen məlumat verib.
O, statistik göstəriciləri açıqlayıb:
“2024-cü ilin ilk 6 ayında (1 yanvar – 30 iyun) 94-ü 4,0-4,9; 5-i isə 5,0-5,9 bal gücündə olmaqla ümumilikdə 17 min 343 zəlzələ qeydə alınıb. Bu zəlzələlərin 3 409-u yanvar, 3 207-si fevral, 3 017-si mart, 2 697-si aprel, 2 730-u may, 2 283-ü isə iyunda baş verib.
Bu məlumatlara görə, ən çox zəlzələ yanvar və fevral aylarında müşahidə olunub”.
Bülent Özmen qeyd edib ki, ölkədə gündə orta hesabla 95 zəlzələ olub: “Bu zəlzələlər nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb”.
O, ilin ilk 6 ayında baş verən ən böyük zəlzələdən də danışıb:
“Aprelin 18-də Sulusaray-Tokatda baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində 5 nəfər yaralanıb, 20 ev və 2 minarə dağılıb, 283 binaya ziyan dəyib”.
Mütəxəssisin sözlərinə görə, ən çox zəlzələ (3 078) Malatyada meydana gəlib: “Bu vilayəti 2 599 zəlzələ ilə Kahramanmaraş, 1 153 zəlzələ ilə Muğla, 1000 zəlzələ ilə İzmir, 814 zəlzələ ilə Adıyaman və 645 zəlzələ ilə Çanaqqala izləyib”.


























