“Rusiya ordusu Xersonun işğalı dövründə ölən rusiyalı hərbçilərin cəsədlərini zibillik ərazidə yandırıb”.

Bu barədə məlumatı Xerson sakinlərinə istinadən “The Guardian” qəzeti yayıb.

Qəzet yazır ki, rusiyalı hərbçilər bu məqsəd üçün şəhərin kənar hissəsində yerləşən zibillik ərazini seçiblər.

Yerli sakinlərin sözlərinə görə, rusiyalı hərbçilərin yük avtomobilləri ilə qara torbalarda nə isə gətirdiyini, daha sonradan isə onları yandırdıqlarını görüblər. Xerson sakinləri belə hesab edir ki, Rusiya ordusu burada döyüşdə ölən rusiyalı hərbçilərin cəsədlərini yandırıb.

Sakinlər rusiyalı hərbçilərin onlara həmin əraziyə yaxınlaşmağa icazə vermədiklərini də qeyd ediblər.

Bununla yanaşı, nəşr sözügedən məlumatları rəsmi olaraq təsdiq edə bilmədiyini vurğulayıb.

Buna baxmayaraq, qəzet sözügedən ərazidə hələ də Rusiya bayraqlarının, hərbi geyimlərinin və kaskalarının qalıqlarını görmək mümkün olduğunu da bildirib.

Xatırladaq ki, noyabrın əvvəli Rusiya Xersondan çəkildiyini elan etdikdən sonra Ukrayna qoşunları bölgəyə daxil olub.