Türkiyənin ABŞ-dan tələb etdiyi yeni F-16 döyüş təyyarələrinin çatdırılması 2028-ci ilə qədər təxirə salına bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Amerika tərəfinin Türkiyə təklifinin 15 günlük araşdırması başa çatıb, satışa etiraz yoxdur. Türkiyə ABŞ-dan 40 yeni F-16 Block 70 yeni qırıcı və 79 təyyarə modernizasiya komponenti istəyib.
“Müşahidə müddəti dünən axşam saatlarında başa çatıb və ABŞ Konqresinin Türkiyəyə F-16 satışına etirazı yoxdur, razılaşma Konqres tərəfindən rəsmi olaraq təsdiqlənib. İndi istehsalçı ilə müvafiq qurumlar arasında danışıqlar başlayacaq. Sifarişlərin çoxluğuna görə yeni təyyarələrin çatdırılması gecikə bilər”, – qəzet yazır.
ABŞ Dövlət Departamentinin dəyərini 23 milyard dollar qiymətləndirdiyi böyük satışın növbəti addımı istehsalçı Lockheed Martin ilə satış və təchizat üzrə danışıqlardır.


























