Haitinin baş naziri Ariel Henri keçid şurası yaradılanda və onun yerinə müvəqqəti başqan təyin edildikdə istefa verəcək.Vətəninfo.az-ın məlumatına görə , bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Ariel Henri Haiti prezidenti Jovenel Moise 2021-ci ildə kolumbiyalı muzdlular tərəfindən öldürüldükdən sonra ölkəyə rəhbərlik etməyə başlayıb. Əldə edilən siyasi razılaşmaya görə, fevralın 7-dək seçkilər keçirilməli və seçilməyən Ariel Henri istefa verməli idi, lakin bu baş vermədi.
Ölkədə quldur dəstələri tərəfindən həyata keçirilən zorakılıqlara görə Henri Keniyaya gedərək Haitidə çoxmillətli təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi haqqında müqavilə imzalayıb.
Dəstələr onun təyyarəsinin Port-au-Prinsə enməsinə icazə verməyib və vətəndaş müharibəsi ilə hədələyərək istefasını tələb ediblər.
“Mənim rəhbərlik etdiyim hökumət (keçid) şura təyin olunandan dərhal sonra istefaya gedəcək… Haitililərdən sakit olmalarını və sülh və sabitliyin mümkün qədər tez qaytarılması üçün mümkün olan hər şeyi etmələrini xahiş edirəm”, – deyə Ariel Henri videomüraciətində bildirib.
Bu açıqlamadan sonra sosial şəbəkələrdə baş nazirin istefasını küçələrdə qeyd edən insanların videoları yayılıb.
Martın 11-də region ölkələrinin liderləri Haitidə keçid hökumətinin yaradılması məsələsini müzakirə etmək üçün Yamaykada bir araya gəliblər. ABŞ dövlət katibi Entoni Blinken iclasdan əvvəl elan edib ki, şuranın vəzifəsi Haiti xalqının “təcili ehtiyaclarını” qarşılamaq və azad seçkilər üçün təhlükəsizlik şəraiti yaratmaq olacaq.


























