ABŞ Dövlət Departamenti daimi həll yolunun müstəqil Fələstin Dövlətinin yaradılması olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, ABŞ Dövlət Departamenti “TRT Haber” telekanalının suallarına yenə qeyri-səmimi cavablar verib. İordan çayının qərb sahilində yüzlərlə mülki şəxsin öldürülməsinə cavab olaraq sözçüsü Metyu Miller sadəcə “İsrailin özünümüdafiə hüququ var” deməklə kifayətlənib.
ABŞ Dövlət Departamentinin mətbuat konfransında əsas gündəm yenə Fələstin oldu.
“TRT Haber” telekanalının müxbiri Əli Artmaz sözçüsü Metyu Millerə İordan çayının qərb sahilindəki qırğınlarla bağlı “ABŞ olaraq, İsrailin hücumlarının səbəbinin “Həmas” olduğunu iddia edirsiniz. İordan çayının qərb sahilində “Həmas” olmasa da, yüzlərlə dinc sakin İsrail tərəfindən öldürülüb. Hətta məscidlər də bombalanıb. Bu məsələyə münasibətiniz necədir?” sualını verib.
Sözçü Miller İordan çayının qərb sahilində qırğınları da özünümüdafiə olaraq gördüklərini müdafiə edib. O, əlavə edib ki, bölgədə məskunlaşanlar tərəfindən fələstinli mülki şəxslərə qarşı zorakılıq halları artıb.
Müxbir Əli Artmazın İordan çayının qərb sahilindəki kimi öz evinin işğal edilməsinə necə reaksiya verəcəyi sualına Miller dəqiq cavab verməkdən yayınıb. O, bəyan edib ki, daimi həll yolu müstəqil Fələstin dövlətinin yaradılmasıdır.