Vətəninfo.az xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Hakan Fidan indiyədək Qəzzadan 170 Türkiyə vətəndaşının təxliyə edildiyini açıqlayıb. Onun sözlərinə görə, 983 nəfərin təxliyyəsi istiqamətində işlər davam etdirilir.
H.Fidan İsrailin hücumlarının davam etdiyi Qəzzadan təxliyə ilə bağlı son məlumatları paylaşaraq, göstərilən humanitar yardım və təşəbbüslərdən danışıb:
“170 vətəndaşımız və onların yaxınları Qəzzadan təxliyə edilib. 983 vətəndaşımızı və yaxınlarını Qəzzadan Rəfah keçid məntəqəsi vasitəsilə təxliyə etmək üçün İsrail və Misir səlahiyyətliləri ilə işimizi davam etdiririk. Qəzzadan çıxmalarına imkan yaratdığımız 27 xəstə və 12 müşayiətçi Ankaraya gətirilib, 61 xəstə və müşaiyətçi isə dünən axşam Misirə aparılıb. İndiyədək Qəzzaya çatdırmaq üçün Misirə humanitar yardım materialları ilə dolu 11 təyyarə göndərmişik. ”
Nazir Fidan İsrailə sərt reaksiya göstərərək, “Qəzzanın tamamilə hədəfə alınması, məscidlərin, məktəblərin və xəstəxanaların bombalanması qarşısında səssiz qala bilmərik və bunu etməyəcəyik. Qərb bu nöqtədə mənəvi üstünlüyünü tamamilə itirib. Buradan getməyə heç bir yer yoxdur”.
Xarici işlər naziri Hakan Fidan Kıbrıs (Kipr) məsələsinə də toxunaraq iki dövlətli həll üçün “bərabərliyi” vurğulayıb:
“Əgər danışıqlar olacaqsa, bu, iki icma arasında deyil, iki dövlət arasında olacaq. Hər iki tərəfin statusu masa arxasında oturmazdan əvvəl bərabərləşdiriləcək”.
Xarici işlər naziri Türkiyənin Avropa İttifaqına üzvlük prosesi haqqında da məlumat verərək deyib:
“Aİ-dən əsas gözləntimiz əməkdaşlığımızı və üzvlük prosesimizi yenidən sürətləndirəcək konkret və mənalı addımlar atmaqdır”.
Xarici işlər naziri Fidan sərhədyanı əməliyyatlardan da danışaraq, “PKK terror təşkilatı silah çəkməyə davam etdikcə mübarizəmiz davam edəcək” deyib.