İran ballistik raketlərlə regiondakı terror qərargahlarını vurduğunu açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə İranın rəsmi İRNA xəbər agentliyinin yaydığı məlumatda bildirilib. Xəbər agentliyinin İran İnqilab Keşikçiləri Korpusunun verdiyi bəyanata istinadən yaydığı xəbərdə bölgədəki anti-İran terror qruplaşmalarının kəşfiyyat qərargahlarının və görüş yerlərinin ballistik raketlərlə hədəf alındığı qeyd olunub.
Xəbərə əsasən, bəyanatda bu ifadələrə yer verilib:”İran düşmənlərinin son terror cinayətlərinə cavab olaraq casus və terror qərargahlarını gecə yarısı İnqilab Keşikçiləri Korpusunun ballistik raketləri ilə hədəf alaraq məhv edib”.
Bəyanatda terror təşkilatı DEAŞ-ın Suriya ərazisindəki hədəfləri ilə yanaşı, İsrailin xarici kəşfiyyat təşkilatı Mossadın İraqın Ərbil şəhərindəki qərargahının da ballistik raketlərlə hədəf alındığı bildirilib.
Bəyanatda həmçinin Kermanda törədilən və terror təşkilatı DEAŞ-ın məsuliyyəti öz üzərinə götürdüyü hücuma, Rask şəhərində təhlükəsizlik qüvvələrinə təşkil edilən hücuma və Suriyada İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandirlərindən Razi Musəvinin öldürülməsinə diqqət çəkilib.
Yerli mətbuat orqanlarının yaydığı xəbərdə ABŞ-ın Ərbildəki Baş Konsulluğu və Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən və ABŞ-ın rəhbərliyində olan anti-DEAŞ koalisiya bazası başda olmaqla bir çox bölgədə partlayış səslərinin eşidildiyi bildirilib.


























