İsraildə fəaliyyət göstərən xəstəxanalara Livanda Hizbullahla gərginlik dərinləşdiyinə görə “minlərlə yaralı yerləşdirməyə hazırlaşmaq” barədə təlimat verilib.
Vətəninfo.az xəbər verir ki, İsrailin Səhiyyə Nazirliyinin baş direktoru Moşe Bar Siman Tov da bütün xəstəxanalara tələb olunarsa 24 saat ərzində təcili vəziyyətə hazır olmaları barədə xəbərdarlıq edib.
Buna uyğun olaraq xəstəxanalar zərurət yarandıqda sığınacaqlara daşınacaq, uyğun vəziyyətdə olan xəstələr evə buraxılacaq və çoxlu sayda yaralı qəbul etməyə hazır olacaqlar. Müxtəlif ölkələrdə “könüllü olaraq İsrailə kömək etmək arzusunu ifadə edən” təxminən 7 000 yəhudi həkimdən lazım gələrsə İsrailə getmələri tələb olunacaq.
Qeyd edək ki, İsrail yanvarın 2-də Livanın paytaxtı Beyrutda “Həmas”ın Siyasi Bürosunun sədr müavini Salih əl-Arurini və yanvarın 8-də Hizbullahın yüksək səviyyəli komandirlərindən Visam Həsən Tavili öldürdükdən sonra İsrail ordusu ilə Hizbullah arasında toqquşmalar şiddətlənib.