Vətəninfo.az xəbər verir ki, Tehranda İslam Parlamentinin binası qarşısında silahlı şəxs atəş açıb və dərhal təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Tehran polis komandanlığının məlumat mərkəzi bildirib ki, polisin 110 nömrəli təcili xidmət mərkəzinə “Şəfa Yəhyayan” xəstəxanası qarşısında atışma ilə bağlı həyəcan siqnalı daxil olub.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsi dərhal zərərsizləşdirərək həbs ediblər. Həmin şəxsin üzərindən ov tüfəngi aşkar edilib.
Polis komandanlığının məlumat mərkəzindən də bildirilib ki, hadisə nəticəsində vətəndaşlardan xəsarət alan olmayıb.
Hadisənin səbəbləri və həbs edilən şəxsin motivləri ilə bağlı araşdırmalara başlanılıb.


























