Dağıstanın Mahaçqala hava limanında etirazçılarla asayiş keşikçiləri arasında toqquşma zamanı 20-dən çox adam, o cümlədən polislər və mülki şəxslər xəsarət alıb. Nümayişin səbəbi “Red Wings”in Təl-Əvivdən uçması olub.
Vətəninfo.az-ın məlumatına görə , Dağıstanın Səhiyyə Nazirliyi yaralılardan 10-nun xəstəxanaya yerləşdirildiyini, onlardan 2-nin vəziyyətinin son dərəcə ağır olduğunu açıqlayıb.
Oktyabrın 29-da axşam saatlarında Mahaçqala hava limanında bir neçə yüz insan İsrail-Fələstin münaqişəsinə etiraz etmək üçün toplaşıb. Etirazçılar hasardan keçərək uçuş-enmə zolağına, eləcə də hava limanının binasına daxil olublar.
TASS xəbər verir ki, Dağıstan hökuməti vəziyyətin nəzarət altında olduğunu, təhlükəsizlik xidmətlərinin yerində işlədiyini bildirib. Hadisədən sonra respublika rəhbəri Sergey Melikovun rəhbərliyi ilə operativ qərargah yaradılıb. O, hava limanına toplaşanların hərəkətlərinin kobud qanun pozuntusudur və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qiymətləndiriləcəyini bildirib.
Etiraz aksiyasının fəal iştirakçılarından 150 nəfərinin şəxsiyyəti məlum olub, onlardan 60-ı həbs edilib, cinayət işi başlanıb.
Hadisədən sonra Mahaçqala hava limanı bağlanıb. O, hərtərəfli yoxlamalardan sonra oktyabrın 31-də yenidən açıla bilər. Daha əvvəl bildirilmişdi ki, hava limanı noyabrın 6-dək bağlı olacaq.


























