“Həmas” hərəkatı 7 oktyabr şənbə günündən bəri davam edən İsrailin hücumlarına cavab olaraq həyata keçirilən “Əqsa tufanı” əməliyyatının birinci dərəcəli müdafiə əməliyyatı olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, Hərəkatın Siyasi Büro üzvü Hüsam Bedranın “Əqsa tufanı” ilə bağlı mətbuata açıqlaması “Həmas”ın rəsmi internet saytında yer alıb.
Bedran İsrailin “Həmas” silahlı qüvvələrinin mülki İsrail vətəndaşlarını öldürdüyünə dair iddialarını rədd edib və deyib:
“Dinimiz bizə mülki şəxslərə toxunmağı və onları hədəfə almağı qadağan edir. “Həmas” döyüşçüləri Qəssam Briqadaları komandiri Əbu Xalid Dayfın videolarında izah etdiyi kimi, mülki şəxslərə toxunulmaması ilə bağlı tövsiyələrinə əməl ediblər”.
Bedran həmçinin İslam və Ərəb dünyasını ayaqda olan Fələstin xalqının yanında olmağa çağırıb.
Digər tərəfdən, “Həmas”-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının əsir götürdükləri bir yəhudi köçkün qadını və 2 uşağını azad etdiyi bildirilib.
Qətərdə yerləşən “Al Jazeera” telekanalı qadının və uşaqlarının sərbəst buraxılmasının görüntülərini yayıb.
Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki, minlərlə yaralı var.


























