Vətəninfo.az xəbər verir ki, İran Su Ehtiyatlarının İdarəetmə Şirkətinin rəsmisi İsa Bozorqzadə İLNA-ya müsahibəsində Ermənistan tərəfindən Araz çayının çirkləndirilməsinə qarşı İranın gördüyü tədbirlər haqqında deyib:
“Çayın suyunun keyfiyyəti və xüsusilə çirklənməsi İranın Energetika Nazirliyinin qırmızı xəttidir. Biz suyun keyfiyyətini yoxlamaq üçün birgə işçi qrupları yaratmışıq və ötən illərdə bununla bağlı dəfələrlə qarşı tərəfə və mədən podratçısına lazımi iradlar bildirilib”.
O, əlavə edib:
“İranın Energetika Nazirliyi və Ətraf Mühitin Mühafizəsi təşkilatı tərəfindən qrup şəklində çayda monitorinq aparılıb, Təbriz Tibb Elmləri Universiteti əlavə araşdırmalar həyata keçirib, eləcə də baytarlıq tərəfindən su canlılarının vəziyyəti nəzarətdə saxlanılır və biz bu məsələni diqqətlə izləyirik”.
Rəsminin sözlərinə görə, İranın təzyiqi ilə çirklənmənin yığılması üçün qapalı dövrə şəbəkəsi təkmilləşdirilib, tullantı bəndləri qurulub və şəbəkə tamamlanıb. Amma Ermənistanda enerjinin qiyməti baha olduğu üçün bəzən podratçı şirkət yüksək ödənişdən azad olmaq üçün qanun pozuntusuna yol verir.
“Biz Ermənistan tərəfinə və podratçı şirkətə lazımi iradlar bildirmişik və bu baxımdan da suyun vəziyyətinin vətəndaşlarımıza təhlükə törətməyəcəyinə nəzarət edirik”,- o, qeyd edib.


























