Vətəninfo.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirdi ki, bölgədə yeni cəbhənin açılması İsrailin Qəzzadakı hərəkətlərindən asılıdır.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, H.Ə.Abdullahiyan regional səfəri çərçivəsində getdiyi İraqın paytaxtı Bağdadda baş nazir Məhəmməd Şia əl-Sudani ilə görüşüb.
Fələstin və Qəzzada baş verən hadisələrin müzakirə edildiyi görüşdə İranın xarici işlər naziri “İsrailin tamamilə mühasirəyə aldığı Qəzzaya qarşı qırğın başladığını” xatırladaraq başda ABŞ olmaqla bəzi tərəflərin Tel-Əviv rəhbərliyini dəstəklədiyini və “Bu şərtlərdə hər cür ehtimallar reallaşa bilər və bölgədə yeni proseslərə şahid ola bilərik” deyib: “Fələstinli qrupların 7 oktyabrda İsrailə qarşı başladığı “Əqsa tufanı” əməliyyatı fələstinlilərin hərəkatıdır və İsrail hökumətinin radikal yanaşmalarından irəli gələn şərtlərin nəticəsidir.
Fələstinlilərə dəstək üçün hər cür təşəbbüsü alqışlayırıq.
Qəzza xalqına yardımların çatdırılması üçün Qırmızı Xaç Cəmiyyəti və Birləşmiş Millətlər Təşkilatının rəsmiləri ilə əlaqə saxlayır, bölgə ölkələri ilə də məsləhətləşmələr aparırıq.
İsrail Qəzzada törətdiyi hərbi cinayətləri dayandırmalıdır. Bu məqsədə çatmaqda İraqın rolunu mühüm hesab edirik.
Bəzi ölkələrin rəsmiləri rəsmi Tehrandan bölgədə yeni cəbhənin açılmasının mümkünlüyünü soruşdu. Biz onlara dedik ki, bunun cavabı sionist rejimin Qəzzadakı hərəkətlərindən asılıdır”.
İraqın baş naziri Sudani də ölkəsinin hər zaman Fələstini dəstəklədiyini bildirərək deyib: “İslam Əməkdaşlıq Təşkilatının Qəzzadakı vəziyyəti nazirlər və hətta prezident səviyyəsində araşdırmaq üçün fövqəladə toplantı təşkil etməsini dəstəkləyirik və təmin etməyə hazırıq”.