HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadasının oktyabrın 7-də İsrailə qarşı başlatdığı “Əqsa tufanı” əməliyyatından sonra fələstinli qrupları ilə İsrail arasında qarşıdurmalar başladı.
Vətəninfo.az xəbər verir ki, İsrail ordusu gecə boyu Qəzza zolağının müxtəlif bölgələrinə hava zərbələri endirməyə davam edib.
Qəzzadakı səhiyyə mənbələrinin məlumatına görə, Xan Yunus bölgəsini hədəf alan hava hücumları nəticəsində yaralanan çox sayda adam Nasser Tibb Kompleksinə yerləşdirilib.
Fələstinin WAFA xəbər agentliyi İsrailin Qəzza zolağını döyüş təyyarələri, gəmilər və iri çaplı silahlarla hədəf almağa davam etdiyini bildirib.İsrail döyüş təyyarələrinin Rəfah bölgəsinə endirdiyi zərbələr nəticəsində ölən və xəsarət alanların olduğu qeyd olunub. Şəhərin qərbindəki Rimal rayonunda bir evin bombalanması nəticəsində 8 nəfər həyatını itirib. Nablus şəhərinə edilən basqın zamanı da ölənlər olub.
Şahidlər Deyr əl-Belah bölgəsində bir evə hücum nəticəsində aralarında uşaqların da olduğu 7 fələstinlinin həyatını itirdiyini, 12 nəfərin isə yaralandığını bildirib.
Nusayrat və Şati qaçqın düşərgələri də gecə saatlarında İsrail döyüş təyyarələri tərəfindən bombalanıb.
Beləliklə, oktyabrın 7-dən bu yana İsrail əsgərləri və yəhudilərin İordan çayının qərb sahilinə hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 61-ə yüksəlib.
İsrailin hücumlarından qaçan minlərlə fələstinli Qəzza zolağının Xan Yunus şəhərindəki Nasser xəstəxanasına və həyətinə sığınıb.
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ”Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.


























